"Kəpəz" rəhbərliyinin əttökən, antifutbol bəyanatına sözardı
Bir neçə illik "sürgün"dən sonra yeni tikilmiş Gəncə şəhər stadionuna qayıdan "Kəpəz"in rəhbərliyi futbol adına çox qeyri-ciddi və qeyri-peşəkar addım atıb.
Qərb təmsilçisi bu gün futboldan anlayışları və klub idarəçilikləri ciddi şübhə doğuran "gözəgörünməz" rəsmilərin tapşırığı ilə dolayı formada öz azarkeşlərini şantaj edərək onların stadionlara təşrif buyurmaması üçün açıq şərait yaradan bəyanat yayıb.
Nə var-nə var, azarkeşlərdən bir neçəsi "Qəbələ" və "Turan Tovuz"la görüşlərdə pirotexniki vasitələrdən istifadə edib və AFFA İntizam Komitəsi buna görə kluba 5-10 min manat cərimə kəsib.
Komandanı vatsap qrupu ilə idarə edənlər üçün çay pulu olan məbləğdən cuşa gələn idarəçilər mətbuat xidməti vasitəsilə gülünc, əttökən və qeyri-peşəkar bəyanat yaydırıblar.
İki turdur arenanı dolduran 10 mindən çox azarkeşin hesabına futbolun nə məna kəsb etməsi ilə əyani tanışlıq deyəsən bunları bihuş edib.
Dillərə dastan "Bəxt üzüyü" filmində mərhum Ramiz Əzizbəylinin dar dalanda Afaq Bəşirqızı ilə toqquşmasından sonra araq butulkasının sınmasına "neynədin ağəz, arağın tapılmayan vaxtında" sözlərini "Kəpəz"in yeni rəhbərliyinə uyğunlaşdırsaq, bəylər, ölkədə azarkeşin qıt vaxtında şadlığınıza şıllaq atırsınız?
Camaat bu qədər, öz də belə azarkeşi illərdir çıraqla axtarır, tapa bilmir - siz hansı gününüzə və hansı düşüncə ilə gülünc bəyanat yayırsınız?
Əvvəla futbolun yazılmayan qaydaları var və bundan xəbəriniz yoxdursa, nə gəzirsiniz futbolda?
İkincisi saysız-hesabsız vecsiz legionerlərə xərclədiyiniz dövlətin pullarından tum pulu qədər cərimə ödəməyə can çəkirsiniz?
Üçüncüsü, futbolu çox gözəl bilən Gəncə azarkeşi o pirotexniki vasitələrlə stadionu yandırmağa gəlib, ya qiyam qaldırıb ixtişaş törətməyə?
Düşünmədiniz ki, bu bəyanat ölkədə futbolun kütləviləşdirilməsi və azarkeş mədəniyyətinin inkişafı baxımından ciddi suallar yaradacaq?
Yoxsa elə fikirləşirsiniz, stadionda təhlükəsizlik qaydalarını ancaq siz bilirsiniz?
Xüsusilə bir azarkeşin məşəl yandırmasını əsas gətirib bütövlükdə tribunaya faktiki olaraq “gözünüzü açın, yoxsa tədbir görüləcək” mesajı vermək özünü peşəkar sayan klubun olan-qalan imicinə birbaşa zərbədir, futbol adına gülünc və utancverici yanaşmadır.
Azarkeşlə sağlam münasibət, normal kommunikasiya qurmaq lazımdır, kabinetdə oturub klub idarə etməklə olmur bu işlər.
Dünyanın aparıcı futbol ölkələrində tribunaların emosiyası, xorla oxunan mahnıları, fanat qruplarının şouları və pirotexniki nümayişlər futbol atmosferinin ayrılmaz hissəsinə çevrilib, xəbəriniz var? Olmamış deyil, hərəniz Avropanın bir guşəsində yaşayırsınız axı.
Bayrağı altında çıxış etdiyiniz beynəlxalq təşkilat - UEFA dəfələrlə açıqlama yayaraq bildirib ki, pirotexnika qadağan olsa da, tribunada təhlükəli deyil. Çox-çox cüzi istisnalarla.
Belə rəngarəng yanaşmalar əksinə, azarkeş mədəniyyətinin formalaşmasına təkan verir. Futbolun atmosferinə və populyarlığına ayrı çalar qatır.
Müasir futbolda təhlükəsizliklə azarkeş mədəniyyəti arasında balans qurulmağa çalışıldığı halda “Kəpəz”in şantaj xarakterli bəyanatı futbol adına ayıbdır!
Azərbaycanda stadionlara onsuz da çox azarkeş cəlb etmək problemi var. Bu halda “qadağandır, cərimədir, həbsdir” mesajı vermək nə deməkdir?
Nə vaxt azarkeş dəstələrinizlə görüşüb maarifləndirici tədbirlər təşkil etmisiniz? Olubmu heç? Yox. Onda bu nə yüngüllükdür belə?
Konkret şəxsin məsuliyyətə cəlb olunması barədə məlumatı az qala cinayət tərkibli xəbər kimi yaymaq ancaq sizin kimi qeyri-peşəkarların ağlına gələ bilərdi! Ayıbınızdan utanın!
Klub azarkeşini tribunadakı əsas tərəfdaşı kimi görməlidir. Azərbaycan futbolunun kütləviləşməsi məhz belə yanaşmadan — azarkeşi tribunaya gətirən və orada saxlamağı bacaran futbol mədəniyyətindən keçir.
Xüsusilə söhbət Gəncə azarkeşindən gedirsə...Onlar daim 1:0 öndədirlər, siz isə həmişə uduzmağa məhkumsunuz!
Elvin ƏHƏD

