"Millətlər Liqasında uğurlu nəticə qazanmaq istəyiriksə, hər epizoddan yararlanmalıyıq"
“Təlim-məşq toplanışı planlı şəkildə gedir. Bizim üçün nəticədən də vacibi futbolçuları iş başında görmək idi".
"Mediasport" xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis sabah San Marino yığması ilə oyunqabağı keçirilən mətbuat konfransında düşüncələrini bölüşüb:
"Qarşıdan gələn Millətlər Liqası öncəsi bu çox önəmlidir. Bundan yaxşı fürsət ola bilməz. Malta ilə matçı əsasən hücumda keçirsək də, bu bizi qane etmir. Hücumları məntiqi sonluğa çatdırmaq lazımdır.
Bəzi futbolçuların oyun praktikasının azlığını qeyd etməliyəm. İstək çox olsa da, oyun təcrübəsi az idi.
Millətlər Liqasında uğurlu nəticə qazanmaq istəyiriksə, orada hər epizoddan yararlanmalıyıq. San Marino ilə görüşdə tam fərqli heyətlə çıxış edəcəyik. Sabah qalib gələcəyimizə inanırıq”.
Xatırladaq ki, sabah Macarıstanda keçiriləcək qarşılaşma saat 22:00-da start götürəcək.


