191 ölkənin milli komandası DÇ üçün Bakıya gələcək - FİFA açıqladı
22-31 oktyabr aralığında ilk dəfə Bakıda keçiriləcək futbol üzrə U-15 dünya çempionatı və festivalında iştirak edəcək komandaların mübarizə aparacağı qruplar məlum olub.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisi AF qrupunda yer alıb.
Yığmamız Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timor kollektivləri ilə üz-üzə gələcək.
Ümumilikdə turnirdə 191 komanda 32 qrupda mübarizə aparacaq. Yarışın ilk oyunları 24 oktyabrda, final qarşılaşmaları isə 30 oktyabrda keçiriləcək.
Turnirdə komandalar hərəsi 20 dəqiqə olmaqla iki hissəli və hissəsi 8x8 formatında qarşılaşacaqlar.
Qrup mərhələsinin yekunlarına əsasən, iştirakçılar altı performans səviyyəsinə bölünəcək və bütün komandalar turnirin son gününədək mübarizəni davam etdirəcəklər.
Yarış çərçivəsində ümumilikdə 943 oyun keçiriləcək. Matçların böyük hissəsi Hövsan Olimpiya İdman Kompleksində, açılış və final oyunları isə Bakı Kristal Zalında təşkil olunacaq.
Yarışda 2011 və 2012-ci il təvəllüdlü futbolçular iştirak edəcəklər.
Bu, FİFA-nın U-15 yaş kateqoriyasında keçirəcəyi ilk Dünya Kuboku və Festivalıdır.
Turnirin əsas detalları:
Meydan ölçüləri: 68 × 47 metr, tam ölçülü qapılarla (7,32 × 2,44 metr)
Heyət sayı: Hər komandada 14 oyunçu və altı nəfərədək texniki heyət
Oyunçuların yaş hədləri: 2011 və ya 2012-ci il təvəllüdlü oyunçular
Gözlənilən iştirakçı sayı: 3 000-dən çox gənc oyunçu, məşqçi və rəsmilər
Format: Komandalar ilk olaraq müxtəlif idman və regional təmsilçiliyi təmin edən qruplarda mübarizə aparacaqlar. Qrup mərhələsinin nəticələri ikinci, yəni turnir mərhələsində komandaların hansı səviyyədə mübarizə aparacağını müəyyənləşdirəcək.
Təsnifat mərhələsi: Dairəvi sistem üzrə 4-5 oyun.
Turnir mərhələsi: Nəticələrdən və əlavə göstəricilərdən asılı olaraq hər komanda üçün əlavə 4-5 oyun.
Reytinq: Balanslaşdırılmış qrupların formalaşdırılması və turnir boyunca uyğun rəqabət səviyyəsinin təmin edilməsi məqsədilə turnirdən əvvəl sadə reytinq sistemindən istifadə olunub. Reytinq FIFA üzv assosiasiyalarının əsas milli komandalarının performansını, həmçinin son dövrlərdə gənclər milli komandalarının iştirakını və nəticələrini nəzərə alır. Bu yanaşma həm üzv assosiasiyanın ümumi futbol gücünü, həm də onun gənclər futbolu sistemindəki fəallığını və rəqabət qabiliyyətini əks etdirir.
Turnirin ikinci mərhələsi təsnifat mərhələsinin nəticələrinə əsasən müəyyənləşdirilən altı performans səviyyəsindən ibarət olacaq. Bütün komandalar son oyun gününədək mübarizəni davam etdirəcək və bununla da hər bir iştirakçı üçün ardıcıl və mənalı rəqabət təcrübəsi təmin olunacaq.
Hər səviyyənin qalibi müəyyənləşdiriləcək. A səviyyəsində qalib gələn komanda isə FIFA U-15 Dünya Çempionatı və Festivalının çempionu elan olunacaq.
FIFA oyunların rəqabət intensivliyi ilə oyunçu rifahı arasında balans yaratmaq məqsədilə əhatəli oyun cədvəli hazırlayıb. Turnirin keçiriləcəyi Hövsan Yarış Kompleksi bir neçə meydançada eyni vaxtda 20 oyunun keçirilməsinə imkan verəcək. Hər meydançada gündə 10-dək oyun nəzərdə tutulub.
FIFA U-15 Dünya Çempionatı və Festivalı beynəlxalq futbolda əsas çağırışlardan birinə – FIFA yarışlarına vəsiqə qazanmağın böyük çətinlik olaraq qaldığı ölkələr üçün əhəmiyyətli rəqabət imkanlarının yaradılmasına cavab verir. Turnir FIFA-nın hər bir üzv assosiasiyasına beynəlxalq yarış təcrübəsi qazanmaq, dünyanın müxtəlif ölkələrindən olan rəqibləri ilə öz səviyyəsini müqayisə etmək və gələcək nəsil futbolçuları, məşqçiləri və texniki heyət üzvlərini ruhlandırmaq imkanı yaradır.
Təxminən 250 könüllü ilk FIFA U-15 Dünya Çempionatı və Festivalının keçirilməsində fəal iştirak edərək bu tarixi futbol tədbirinin reallaşmasına töhfə verəcək.
FIFA və AFFA tərəfindən təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 Könüllülər Proqramına 10 sentyabr tarixində start verilib. Qeydiyyat onlayn şəkildə açıqdır. Namizədlər volunteer.fifa.com saytına daxil olaraq FIFA U-15 Dünya Çempionatı və Festivalı turnirini seçə bilərlər.
Azərbaycan daha əvvəl 2027-ci il FIFA U-20 Dünya Çempionatına Özbəkistanla birgə ev sahibliyi etmək hüququ qazandığından, ilk FIFA U-15 Dünya Çempionatı və Festivalının ölkəmizdə keçirilməsi strateji davamlılığı təmin edir. Bu tarixi turnirin Azərbaycanda keçirilməsi dünyanın müxtəlif ölkələrindən olan gənc futbol istedadlarını bir araya gətirməklə yanaşı, hər bir istedada beynəlxalq səviyyədə özünü göstərmək və inkişaf etmək imkanı verən yeni qlobal futbol platformasının formalaşmasına töhfə verəcək.

