"Qarabağ"ın yeni üzvü: "Böyük hədəfləri olan kluba qoşulmuşam"

 "Qarabağ"ın yeni üzvü: "Böyük hədəfləri olan kluba qoşulmuşam"

“Mənim üçün yeni klub yeni çağırışdır. Komandaya tez uyğunlaşmağa və bir parçasına çevrilməyə çalısacağam".

"Mediasport" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın yeni transferi Pedro Bikalyo deyib.

Braziliyalı yarımmüdafiəçi Ağdam klubunun mətbuat xidmətinə açıqlamasında təəssüratlarını bölüşüb:

"Qarabağ"ı Avropadakı çıxışlarına görə tanıyırdım. Təklif aldıqdan və danışıqlara başlayandan sonra dərhal klubla bağlı geniş araşdırma apardıq, daha ətraflı məlumat topladıq. Şahidi olduğumuz mənzərə bizi çox sevindirdi. Öncədən klub barədə belə məlumatlı deyildik.

"Qarabağ" regionun ən böyük klubudur, ölkə daxilində ardıcıl uğurlar əldə edir, avrokuboklarda yaddaqalan nəticələrə imza atır. Bu səbəbdən müsbət cavab verməkdə tərəddüd etmədim”.

Cənubi amerikalı hədəflərinin olduğunu qeyd edib:

"Çempionlar Liqası həyəcanı yaşayacağım “Qarabağ”ın hədəflərinə çatmasında pay sahibi olmaq istəyirəm. Burada daha da inkişaf etmək imkanından yararlanacağam. Böyük hədəfləri olan komandaya qoşulmuşam. Komandamızın yeni mövsümdə də hədəfləri eynidir. Məqsədimiz əvvəlki illərdə olduğu kimi avrokuboklarda uğurlu nəticələr qazanmaq və ölkəni layiqincə təmsil etməkdir.

Daxili yarışlarda da liderliyimizi qorumaq üçün çalışacağıq. Azərbaycanda futbolun inkişaf etdiyini bilirəm. Həm Avropada, həm də Premyer Liqa və ölkə kubokunda güclü rəqiblərimiz olacaq. Azarkeşlərimizi növbəti titullarla sevindirmək üçün mübarizə aparacağıq".

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.