Premyer Liqanın iki klubuna 2,5 yox, 3 milyon manat ödəniləcək

AFFA növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq debütant komandalara daha bir güzəşt etməyə hazırlaşır.
Federasiyadan "Mediasport"a verilən məlumata görə, xüsusən infrastruktur problemi olan "İmişli" və "Karvan" elitaya yüksələcəyi təqdirdə, bəzi imtiyazlar əldə edəcək.
Məlum olduğu kimi, AFFA bugünlərdə keçirilən Hesabat Konfransında dövlətin hər Premyer Liqa təmsilçisinə ayırdığı məbləğin qarşıdakı mövsümdə 3 yox, 2,5 milyon manat olacağını bəyan edib. Əvvəl 10 kluba verilən maliyyə yardımı (30 milyon manat) bu dəfə 12 komanda arasında bölüşüdürüləcək.
Lakin bu qərar stadion və baza problemi yaşayan bölgə klublarına bir mövsümlük şamil olunmayacaq.
Yəni "Qəbələ" istisna, adları çəkilən klublar, yaxud "Zaqatala" və.s. digər bölgə təmsilçisi növbəti mövsüm Premyer Liqada çıxış etsə, federasiyadan ilk mövsüm üçün 3 milyon manat alacaq.
Sırf infrastruktur problemlərini həll etsinlər deyə hər iki kollektivə 500 min manat artıq vəsait ödəniləcək.
Artıq məbləğin sponsorlardan əldə olunacaq gəlir və büdcəyə qənət hesabına formalaşdırılacağı deyilir.
Qeyd edək ki, turnir cədvəlinə əsasən hazırda Premyer Liqaya real namizədlər - "Karvan" və "İmişli"nin stadionlarının ot örtüyü bərbad vəziyyətdədir.