Premyer Liqada son 6 mövsümün rekordu qeydə alındı

Premyer Liqada son 6 mövsümün rekordu qeydə alındı

Misli Premyer Liqasının IV turunun 6 qarşılaşmasında ümumilikdə 26 qol vurulub və rekord qeydə alınıb.

"Mediasport" xəbər verir ki, tur üzrə orta məhsuldarlıq 4,33-ə bərabər olub.

"Sabah" – "Zirə" (5:0), "Kəpəz" – "Şamaxı" (1:4), "Neftçi" – "Şəfa" (4:1), "Qarabağ" – "Araz-Naxçıvan" (3:2) matçlarının hərəsində 5, "Qəbələ" – "İmişli" və "Turan Tovuz" – "Sumqayıt" (hər ikisi 2:1) görüşlərində isə 3 top vurulub.

Bu, təkcə cari deyil, son 6 mövsümün rekordudur.

Daha yüksək orta göstərici sonuncu dəfə 2020/2021 mövsümündə qeydə alınıb.

2020-ci il noyabrın 21-23-də keçirilən X turun 4 qarşılaşmasında 19 qol vurulub və orta məhsuldarlıq 4,75-ə bərabər olub.

Qeyd edək ki, ümumi qol sayında bu göstərici son 21 mövsümün rekordudur. 2005/2006 mövsümünün XXVI turunda 27 qol vurulub və 2006-cı il mayın 29-30-da keçirilən 7 görüşdə orta göstərici 3,86 təşkil edib.