Adalıların Azərbaycana səfər xərclərini AFFA qarşılayacaq

Adalıların Azərbaycana səfər xərclərini AFFA qarşılayacaq

Futbol üzrə Azərbaycan milli komandası bu ay iki beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

Fernandu Santuşun rəhbərlik etdiyi yığma əvvəlcə okeanın o tayından Haiti, sonra yaxınlıqda yerləşən Belarus futbolçuları ilə qarşılaşacaq.

Komandamız yoldaşlıq oyunlarını adətən səfərlərdə keçirsə də, bu dəfə hər iki rəqibi qonaq edəcəyik. Sözün hər mənasında.

Federasiyadan "Mediasport"a verilən məlumata görə, qurum həm Haiti, həm də Belarus futbol assosiasiyalarını Azərbaycana səfər etməyə razı salıb.

Təbii ki, bütün xərclərin qarşılanması müqabilində. Əsasən uzaq adalılar məsafənin uzaqlığını nəzərə alaraq ölkəmizə gəlməyə isti yanaşmayıblar (Bakıdan Haitiyə məsafə 11,105 km-dir).

Lakin AFFA-nın bədxərclik vədi ada dövlətin federasiyasını şirnikləndirib.

Azərbaycan - Haiti qarşılaşması martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, Belarusla matç isə martın 25-də Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək.

Hər iki oyun saat 21:45-də başlanacaq.