"Qarabağ"ı qarabaqara izləyən "ciddi təhlükə" - RƏŞAD SADIQOV

"Qarabağ"ı qarabaqara izləyən "ciddi təhlükə" - RƏŞAD SADIQOV

Uzaq keçmiş deyil, 3-4 ilin söhbətidir.

Rəşad Sadıqovun "Zirə"də işləri qaydasında getmirdi. "Qartallar" nə illah edirdisə, zirvəyə yaxın düşə bilmirdilər.

Qeyri-sabit çıxışlar fonunda komanda 8 oyun qələbə qazanmırdı, tənqid olunurdular.

10 oyun praqmatik futbolla xal qazanırdılar, tənqid olunurdular.

5 oyun qol vura bilmirdilər, yenə tənqid olunurdular.

Təbii ki, tənqidin konkret hədəfi baş məşqçi Rəşad Sadıqov idi.

Yaxın keçmişin "terminator"u futbolçu vaxtı ortaya qoyduğu əzmi, iradəni, xarakteri başçılıq etdiyi kollektivə aşılaya bilmirdi, sanki.

Allahtərəfi, haqlı tənqdilərə məruz qalırdı. Baxmayaraq ki, əlinin altındakı "material" da onun daha yaxşı fəaliyyət göstərməsinə imkan vermirdi.

Amma necə deyərlər, igidi öldür, haqqını yemə - olanı olduğu kimi de.

Rəşad Sadıqov əksər həmkarlarından fərqli, qısa zamanda yol aldığı sahədə çox böyüdü, inkişaf elədi, özünü təsdiq mərhələsinə qədəm qoydu.

Budur, Azərbaycan milli komandasının heyətində ən çox oyun keçirməklə tarixə düşmüş sabiq "14 nömrə" artıq ölkənin Avropadakı qüruru "Qarabağ"a, bu uğurların səbəbkarı Qurban Qurbanova - keçmiş baş məşqçisinə, belə desək, ustadına sözün yaxşı mənasında "əlcək atmağa" başlayıb.

Rəşad Sadıqovun ən böyük üstünlüyü, yəqin ki, innovativ inkişafdan, yeniliklərdən, mütaliədən, oxumaqdan, artırmaq həvəsindən, natiqlik düşüncəsindən əl çəkməməsi oldu.

Bu gün "Zirə" heyət və ayrı-ayrı futbolçuların ustalıq, səviyyə baxımından "Qarabağ"la müqayisə oluna bilməz, əlbəttə. "Qarabağ"ın əldə etdiyi uğruları qazanmaqlarına da çox var.

Ancaq hazırda nə görürük? - 12-qat Azərbaycan çempionu ilə başabaş mübarizə aparan qısır büdcəli, məhdud imkanlı "Zirə".

Azərbaycanda "Qarabağ"dan xal alacaq komandanın çıraqla axtarıldığı dönəmdə onlar üzərində məhz geridönüşlə qələbə qazana bilən qəsəbə təmsilçisinin quruca hava və su hesabına bu yerlərə çatmadığını etiraf etməmək ədalətsizlik olar, hər halda.

Oynadığı dövrlərdə istər klubu, istərsə də "Qarabağ"da aldığı çoxsaylı məğlubiyyətlərə rəğmən, bir az da əvvələ getsək, futboldan uzaqlaşdırıldığı, basketbolla baş qatdığı zamanlarda sınmayan, ruhdan düşməyən, heç vaxt təslim olmayan, lider və insani keyfiyyətləri axsamayan keçmiş kapitan qısa zaman kəsiyində məşqçilik bacarığını üst səviyyədə inkişaf etdirməsəydi, "Zirə" Zirədən kənara çıxa bilməzdi.

Klub rəhbərliyinin güvəni, komanda işi, uğurlu seleksiya, heyət imkanlarının bir qədər genişləndirilməsi öz yerində - faktdır ki, bu gün "Zirə" ideala yaxın futbol oynayır, nəticə qazanır, ən nəhayət, Azərbaycanda bugün-sabah "Qarabağ"a titullar mübarizəsində konkret "ciddi təhlükə" olacağının siqnalını verir.

Onun kimi, özümüzünkülərdən Ayxan Abbasova, Azər Bağırova, Elvin Məmmədova da uzun vədəli şans verilsə, Azərbaycan futbolu bundan qazanmayacaq ki? Yüz faiz qazanacaq. Məsələn, Ayxan Abbasov bunu "Turan Tovuz"da, "Şamaxı"da, iki oyunla U-21 millimizdə, Azər Bağırov "Araz-Naxçıvan"da, "Kəpəz"də göstərməyib?

Daha artığını edə bilərlər. Bir şərtlə ki, kiçik uğur qazanan kimi yerişlərini və özlərini dəyişməsinlər, duruşlarını itirməsinlər. Elə Rəşad Sadıqov kimi.

Ataların dediyi kimi, ağac bar verəndə başını aşağı əyər.

Mediasport.com.az