"Ötən matçda da haqqımızı yedilər - Finala layiq komanda biz idik"
"Hər komanda istəyir ki, kubokda finala çıxsın. Biz də bunu istəyirdik. Oyunda güclü tərəf biz idik. Ötən matçda da haqqımızı yedilər. Finala layiq komanda biz idik".
"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un məşqçisi Yunis Hüseynov deyib.
Mütəxəssis Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Zirə" ilə cavab oyunu haqda danışıb:
"Əfsuslar olsun ki, ötən oyundakı səhvlərə görə bu gün qələbə qazana bilmədik. Qol da vurduq, saymadılar. Bizdə olanda dərhal VAR-a gedirlər, rəqibdə olanda görməmişəm ki, VAR-a baxsınlar.
Premyer Liqada Əliyar Ağayev rəqibə qırmızı vərəqə verib ləğv etmişdi. Bu qədər futbolçunun haqqını yedi. Bu gün heç-heçə etdik. "Zirə"yə uğurlar arzulayıram".
Komandanın daha çox hücum edəcəyini gözləmək olardı. Amma hücumda çox da effektiv ola bilmədiniz. "Zirə" çox yaxşı müdafiə olundu, yoxsa ilk oyundakı qərarlara görə futbolçularda psixoloji gərginlik var idi?
- Futbolçularda psixoloji olaraq təsir qalmışdı. Danmıram. İki təmiz penaltini vermirlər. Komandamız bu oyuna pis hazırlamamışdı. "Zirə" ilk görüşdə 2:0 qalib gəlmişdi. Bilirdik ki, beşli müdafiə ilə oynayacaqlar. Arxada o qədər imkan vermədilər. Buna baxmayaraq, komandamız pis təsir bağışlamadı. Əgər birinci hissədə qol vursaydıq, ikinci qol da gələrdi. "Zirə" bu gün yalnız müdafiədə oynayırdı.
Bu gün hakim idarəçiliyindən razı qaldınız?
- Narazı qalmadım. Amma qol epizodumuza baxmamışam.
Əsas hədəf kubok idi. Bunu qazana bilmədiniz. Bundan sonrakı hədəf ikincilik olacaq?
- Hər komanda çempionatda kuboku qazanmaq istəmirsə, demək o komandanın məqsədi yoxdur. Məqsədimiz kuboku qazanmaq idi. Premyer Liqada çempionluq istəyirdik. Çətin oyunlarımız var. Çempionata köklənəcəyik. İkinciliyi fikirləşmirik. Qalib gəlsək, yaxşı yerləri tutarıq.
