AFFA-nın milliləşdirmək istədiyi əcnəbi futbolçuların adları yalnız "Mediasport"da - EKSKLÜZİV!
AFFA yenidən əcnəbi futbolçuların milliləşdirilməsi prosesinə başlayacaq.
Federasiya rəhbərliyi bu yolla yığmanın nəticələrinin yaxşılaşacağına ümid edir.
Prosesə müsbət yanaşılmasında komandanın yeni baş məşqçisi Ayxan Abbasovun təklifi ciddi rol oynayıb.
Tərəflər arasında ilkin müzakirələrdə ortaq qərar dəstəklənib, ilk iki ada "ok" da verilib.
Abbasov növbəti tsikl üçün postunda qalsa, məsələyə start veriləcək.
"Mediasport" sözü gedən legionerlərdən ikisinin adını dəqiqləşdirib.
Federasiyadan redaksiyamıza verilən məlumata görə, bunlar "Qarabağ"ın kapitanı Abdullah Zubir və "Zirə"nin müdafiəçisi Ruan Renatodur.
İkiliyə Azərbaycan pasportunun verilməsi AFFA-da üst səviyyədə razılaşdırılıb. Qurum sayı artırmaq istiqamətində müzakirələrini davam etdirir.
Məlum olduğu kimi, FİFA-nın qaydalarına görə, başqa ölkənin pasportunu daşıyan futbolçuya ikinci ölkənin vətəndaşlığının verilməsi ya qan qohumluğu-qan bağlılığı, qohumluq, ya da həmin futbolçunun o ölkədə azı 5 il fasiləsiz çıxış etməsi ilə mümkündür.
Zubir artıq 8-ci mövsümdür fasiləsiz olaraq Azərbaycanda çıxış edir. Mərakeş əsilli fransalı yarımmüdafiəçi 2018-ci ilin iyunundan Ağdam klubunun futbolçusudur.
Braziliyalı müdafiəçi Renatonun Azərbaycana gəlişinin isə mövsümün sonunda 5 ili tamam olacaq. 2021-ci iilin avqustunda Braziliyanın "Ponte Preta" klubundan "Qəbələ"ya transfer edilmiş "sambaçı" 2023-cü ildə bölgə təmsilçisini "Zirə"yə dəyişib.
Yekun qərarın DÇ-2026-nın seçmə qrup mərhələsinin gələn ay baş tutacaq son oyunlarının ardından veriləcəyi gözlənilir.
