Tahir Gözəl avrokubok anonsunu verdi: "Hədəflərimiz dəyişməyib"

 Tahir Gözəl avrokubok anonsunu verdi: "Hədəflərimiz dəyişməyib"

"Çox sevincliyəm, "Qarabağ" sevərləri təbrik edirəm. 12-ci dəfədir ki, çempion oluruq. Böyük uğurdur".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ" Futbol Klubunun prezidenti Tahir Gözəl deyib.

Ağdam klubunun rəhbəri mükafatlandırma mərasimində 12-ci çempionluq haqda təəssüratlarını bölüşüb, jurnalistlərin suallarını cavablandırıb:

"Daha 2 dəfə çempion olub üç ulduzu qazanmaq istəyirik. Çox gözəl çempionat keçdi. Gələn il liqada komanda sayı daha da artacaq. "Karvan", "Qəbələ" və "İmişli" də liqaya qoşulur. İldən-ilə bizdə futbol keyfiyyəti düzəlir, yüksəlir. Möhtəşəm axşam idi. "Qarabağ"ı təbrik edirəm. Burada əla ab-hava yaratdılar. Möhtəşəm bayram yaşadıq, hava da çox gözəl idi. "Qarabağ" sevərləri, Azərbaycanı sevindirdik. Allah qoysa, artıq Avropada yola davam edəcəyik".


Hədəflər yəqin ki, dəyişməyib.

- Bəli, hədəflərimiz dəyişməyib. UEFA-nın verdiyi qərardan asılıdır ki, biz ÇL-ə 2-ci təsnifat mərhələsindən başlayırıq, yoxsa 1-ci. Amma ora gəlməyin özü də elə "Qarabağ"ın artıq futbol səviyyəsini göstərir. "Qarabağ" 32 min xalla hardasa Avropanın orta səviyyəli klubları arasındadır. Bu, hamımız üçün qürur mənbəyidir. Əlbəttə ki, biz hamımız daha da inkişaf etməyə çalışacağıq. 

Qarşıda "Qarabağ"ı ölkə kubokunun finalında oyun gözləyir. "Qızıl dubl" gözləyirsiniz?

- Əlbəttə ki, bunun üçün çalışacağıq. "Sabah" rəqibimizdir, güclü klubdur. Mənim "Sabah"a xüsusi ehtiramım var. Futbolun kökündən gələn insanlardır orada. Hər iki kluba da uğurlar arzulayıram, hər ikisi də bizimdir, hər ikisi də layiqdir.

"Zirə" və "Turan Tovuz" finalda sizə azarkeşlik edir. Çünki siz qalib gəlsəniz, "Turan Tovuz" avrokuboklara gedəcək, "Zirə" isə Avropa Liqasına yollanacaq.

- Doğrudur. "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovdur, o da mənim canımdır, bizə yaxındır. Hamısına uğurlar arzulayıram, hamısı bizim övladlarımızdır, hamısı bizim klublarımızdır. 

Beş ildən sonra Konfrans Liqasının kubokunu Azərbaycana gətirmək fikrinə necə baxırsınız?

- İnşallah, qismət olsun. Elə ona görə işləməliyik. Mənə əsas nə ümid verir? Cavan oyunçularımızın oyuna çıxması. Bu gün Hikmət Cəbrayılzadəni, Amin Rzayevi görmək məni çox sevindirir. Cavanlarımız gəlsin. Hamısı "altyapı"dan gələn uşaqlardır. Gələcəyimiz cavanlardır. İnşallah, gələcəyimizi onlar gətirəcək.