"Qəbələ" Fransa millisinin sabiq futbolçusunu transfer etdi

"Qəbələ" Fransa millisinin sabiq futbolçusunu transfer etdi

“Qəbələ” heyətini iki yeni futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, “qırmızı-qaralar”ın transferlərindən biri legionerdir.

Kamerun əsilli fransalı yarımmüdafiəçi Jando Fuşla 1 illik müqavilə imzalanıb.

27 yaşlı futbolçu karyerasına Fransanın “Soşo” klubunda başlayıb. Daha sonra İspaniya təmsilçisi “Alaves”ə transfer olunan Fuş İsrailin “Makkabi" (Hayfa), Şotlandiyanın “Dandi Yunayted” və İngiltərənin “Piterboro Yunayted” klublarında oynayıb.

Son komandası İsraildə “Bney Sahnin” olmuş afrikalı Fransanın U-19 və U-20 milli komandalarının da şərəfini qoruyub, Kamerunun əsas yığmasında 2 oyuna çıxıb.

Şimallıların digər transferi akademiyanın yetirməsi Rüfət Əhmədovdur. 22 yaşlı sol cinah müdafiəçisi  “Turan Tovuz”dan icarəyə götürülüb.

O,  mövsümün sonunadək “Qəbələ”nin uğurları üçün çalışacaq. Karyerası ərzində “Kəpəz”də də çıxış etmiş Rüfət Əhmədov U-21 milli komandasının heyətində 9 oyun keçirib. 

Qeyd edək ki, “Qəbələ” bunadək Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoa, Adriel Ba Lua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.