Qurban Qurbanov: "Məncə, Bakıda maraqlı dünya çempionatı olacaq"

Qurban Qurbanov: "Məncə, Bakıda maraqlı dünya çempionatı olacaq"

"Ümumən çox gözəl tədbir keçdi. Orxan Məmmədovu təbrik etmək istəyirəm ki, belə bir futbol həyəcanını Bakıya gətirdi".

Bu sözləri "Mediasport"a açıqlamasında "Qarabağ" futbol klub klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis mayda Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi haqda təəssüratlarını bölüşüb:

"Minifutbol olsa da, son illərdə Azərbaycan Avropa çempionu olandan sonra ona maraq çox böyüdü. Tədbirə gələn qonaqlardan da bunun şahidi oluruq. Uğurlar arzulayıram. Çox istəyərdim ki, Azərbaycan millisi Avropa çempionu olduğu kimi, Bakıda da dünya çempionu adını qazansın. Özüm də bəzi matçlarda iştirak etməyə çalışacam. Nə qədər imkanım, vaxtım olsa, oyunlara gələcəm, baxacam, dəstək olacam. Məncə, maraqlı dünya çempionatı olacaq".

Tədbirə qatılan dünya futbol ulduzu Luiş Nani ilə ayaqüstü söhbət edən Qurban Qurbanov Azərbaycan millisinin yer aldığı A qrupunu da dəyərləndirib:

"Nani futbolda böyük personadır, bakıya xoş gəlib. Futbolda imzası olan şəxsdir. Onu yenidən Bakıda görmək xoş oldu.

Püşkə gəlincə, Məncə, normal qrupa düşdük. Düzdür, rəqiblər haqda ümumən, ətraflı məlumatım yoxdur. Tam dəyərləndirə bilmərəm. Hər halda hesab edirəm ki, bizim qrupumuz pis alınmadı".

Qeyd edək ki, Azərbaycan millisi mayın 21-dən iyunun 1-dək təşkil ediləcək dünya çempionatının qrupunda Mavritaniya, Sloveniya və Bəhreyn yığmaları ilə mübarizə aparacaq.