Qurban Qurbanov və məşqçilər korpusunun ƏSAS PROBLEMİ
"Qarabağ"ın qeyri-sabit çıxışları gözləniləndir. Ağdam klubu ağır yeniləşmə prosesindən keçir. Müəyyən çətinliklər yaranıb və olacaq.
Komandanın sütunlarından sayılan Leandro Andrade, parlayan ulduzu Kamilo Duran, müdafiənin dayaqlarından Kevin Medianın gedişi fonunda heyətə 20 yeni futbolçu gətirsən də, sistemin işləməsi üçün zaman lazımdır.
Mövsümü avrokuboklarsız da keçirmək olar. Dünya dağılmaz. İllərdir Azərbaycanı, Azərbaycan futbolunu dünyada ləyaqətlə, uğurla təmsil edən kollektivin nəsil dəyişikliyini ləng keçirməsini normal qarşılamaq lazımdır. Amma...
Əmması burasındadır ki, komandanın əsas sütunu - Qurban Qurbanovun illərdir standart vəziyyətlərdə alternativ planı yoxdur.
Məsələn, mümkündür ki, "Qarabağ" bir oyunda 20 künc zərbəsi qazansın və heç birindən rəqibə elementar təhlükə yarada bilməsin.
Bir matçda onlarla standart vəziyyətdən, heç olmasa, bir-ikisini real qol epizoduna çevirmək üçün alternativ variantların yoxluğu adamı narahat etməyə bilməz.
Çünki rəqiblər artıq "Qarabağ"ı ciddi qəbul edir, analizlər aparır və oyun üslubuna qarşı qətiyyətli tədbirlər görürlər.
Son illərdə komandaya birdən-birə bu qədər transfer edildiyi ilk dəfədir. Futbolçu satışından yaxşı gəlir əldə edən "Qarabağ"da yeni heyətin komplektləşdirilməsi üçün yetərli büdcənin ayrıldığı göz önündədir.
Yəni rəhbərlik baş məşqçiyə bu dəfə də kifayətedici imkan yaradıb. Onu da dəqiq bilirik ki, Qurban Qurbanov da transfer xətrinə transfer edən deyil.
Ağdamlılar seleksiya məsələlərində az hallarda yanılırlar və bu yay heyətə qatılan futbolçulardan hansınınsa keyfiyyətsiz olduğunu iddia etmək qeyri-peşəkar yanaşma olar.
Təbii ki, yeni futbolçuların komandaya uyğunlaşması üçün vaxt lazımdır. Ancaq onları sistemə oturtmaq, mövcud heyətlə düzgün kombinasiya yaradaraq komandanın oyun fəlsəfəsini qorumaq da baş məşqçinin məsuliyyətidir.
"Qarabağ" bu gün Zubirə, Kaşşuka və ya Musaya ehtiyat variant, alternativ kimi baxmalıdır, ümid yeri kimi yox.
Komanda oyunu ilə yenilənmənin pozitiv siqnalını verməlidir. Hazırda isə “Qarabağ” yenilənmişdən çox, tükənmiş komanda təsiri bağışlayır. Ən ciddi, narahatedici məqam budur.
Meydanda gedişatı dəyişə bilmək üçün ehtiyat qüvvə lazımdır və bu varsa, məşqçilər korpusu da hər oyuna bir neçə variant hazırlamalıdır.
İstər milli, istər klub səviyyəsində - dünyanın yarıdan çoxu bu gün standart vəziyyətlər hesabına ciddi nəticələr qazanırlar, "Qarabağ" isə belə epizodlarda yox kimidir.
Oyun alınmayanda fərqli ssenarilərə keçmək lazımdır, mütləq.
Qısası, "Qarabağ"ın oyun planında bu gün B variantının çatışmazlığı açıq hiss olunur.
Məncə, elə komandada hazırda ən böyük problem nəticədən çox, alternativ həll yollarının görünməməsidir.
ELVİN


