Əsaslı təmir və yenidənqurmadan sonra ROİL-in açılışı baş tutdu
Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya İdman Liseyinin (ROİL) əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.
"Mediasport" xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisədə görülən işlər və yaradılan şəraitə baxış keçirib.
Liseydə sərbəst, yunan-Roma güləşi və cüdo zalları əsaslı təmir olunub.
Bundan əlavə, yataqxana, yeməkxana binası, sinif otaqları və idman meydançaları yenidən qurularaq istifadəyə verilib.
Qeyd edək ki, ROİL ümumi orta təhsil ilə peşəkar idman hazırlığında, həmçinin ölkəmizdə gənc istedadların üzə çıxarılması, peşəkar idmançıların və yüksəkhazırlıqlı kadrların yetişdirilməsi istiqamətində mühüm rol oynayır.

