Ülvi Qənizadə ardıcıl ikinci dəfə dünya çempionluğunu qazandı!

Azərbaycan komandası Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında ilk qızıl medalını qazanıb.
"Mediasport" xəbər verir ki, yunan-Roma növündə yarışan Ülvi Qənizadə mundialın qalibi olub.
72 kq çəki dərəcəsində yarışan pəhləvanımız finalda xəsarət alsa da, əzmkarlıq göstərərək Fransa təmsilçisi İbrahim Qanemi məğlub edib - 4:2.
Bu, Qənizadənin DÇ-lərdə ardıcıl ikinci qızıl medalıdır. 26 yaşlı güləşçimiz 2024-cü ildə Albaniyanın paytaxtı Tiranada da dünya çempionu adını qazanmışdı.
97 kq çəkidə mübarizə aparan Murad Əhmədiyev isə bürünc medal görüşünü çətinliklə qalib başa vuraraq 3-cülüyə yiyələnib.
Xatırladaq ki, komandamızın heyətində daha əvvəl 5 medal var idi - sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) bürünc, yunan-Roma növündə Eldəniz Əzizli (55 kq) bürünc mükafat əldə edib.