"Vəziyyət düşünüldüyü qədər də ağır deyil" - Millimizin üzvü
“Rəqibimizin gücünü bilirdik. Təsadüfi deyil ki, bu gün Avropanın 4-cü ən güclü komandasından biridir. Dünya çempionatında da kifayət qədər yaxşı çıxış etmişdilər".
"Mediasport" xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının üzvü Ülvi Əliyev deyib.
O, Qazaxıstan yığması ilə baş tutan yoldaşlıq görüşü haqqında fikirlərini bölüşüb.
2:9 hesablı məğlubiyyəti şərh edən yığma üzvü qeyd edib ki, nəticədə yorğunluğun da rolu var idi:
"Oyun gərgin keçdi. 12-13 dəqiqə yaxşı mübarizə apardıq. Yorğunluq tədricən sözünü dedi.
Çünki rəqibdən fərqli olaraq, biz Tbilisdə 2 ağır görüş keçirmişdik, üstəlik Aktauya gecə saatlarında gəldik və məşq etmədən oyuna çıxdıq.
Dediklərim bəhanə kimi qəbul olunmasın. Nəticəyə görə məyusuq, ancaq bu məğlubiyyətin ətrafında dolanıb qalmaq istəmirik.
Heyətimizdə gənclər də var, təcrübəlilər də. Yeni sistem qurulur, baş məşqçinin tələbi fərqlidir.
Oyun təcrübəsi azdır, bu cür qarşılaşmalar bu boşluğu doldurmaq üçün bizə çox kömək edəcək.
Vəziyyət düşünüldüyü qədər də ağır deyil. Əsas odur ki, etdiyimiz səhvlərdən nəticə çıxaraq, oyunumuzu təkmilləşdirək. Vacib olan rəsmi matçlardır ki, ona qədər hazır olmalıyıq”.
Xatırladaq ki, futzalçılarımız daha əvvəl yoldaşlıq matçlarında Gürcüstan seçməsinə iki dəfə uduzublar (2:5, 2:4).
