Yığmamız "Xüsusi Olimpiya Dünya Kuboku"nun qalibi oldu
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin futbol üzrə qadınlardan ibarət birləşmiş yığma komandası “Xüsusi Olimpiya Dünya Kuboku"nun qalibi olub.
"Mediasport" xəbər verir ki, komandamız Fransanın paytaxtı Parisdə keçirilən yarışın finalında Amerika Birləşmiş Ştatlarının Xüsusi Olimpiya millisi ilə qarşılaşıb.
Oyun yığmamızın əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2.
Komandamıza kubok və medallar təqdim edilib.
Qeyd edək ki, Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku (Special Olympics Unified Football World Cup) əqli inkişaf məhdudiyyəti olan və olmayan futbolçuların eyni komandada çıxış etdiyi dünya çempionatıdır.
Yarışın əsas məqsədi idman vasitəsilə inklüzivliyi və bərabərliyi təşviq etməkdir.
Yarışda ayrı-ayrı çempionat olmaqla 24 milli komanda (12 kişi, 12 qadın) iştirak edir.
Hər komandanın heyəti həm əqli inkişaf məhdudiyyəti olan futbolçulardan, həm də belə məhdudiyyəti olmayan "Unified Partner" adlanan oyunçulardan ibarətdir.
Bu, tarixdə keçirilən 3-cü Birləşmiş Futbol Dünya Kubokudur. Əvvəlki turnirlər ABŞ-də - 2018-ci ildə Çikaqoda, 2022-ci ildə isə Detroitdə baş tutub.


