Canni İnfantino Azərbaycan millisi ilə görüşünü paylaşdı

Canni İnfantino Azərbaycan millisi ilə görüşünü paylaşdı

FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında Bakıda Azərbaycanın U-15 milli komandası ilə görüşü barədə paylaşım edib.

"Mediasport" xəbər verir ki, o, komandanın bir neçə həftə sonra Bakıda keçiriləcək ilk FIFA U-15 Dünya Kuboku və Festivalına hazırlıq prosesi ilə tanış olub.

İnfantino bildirib ki, 190 FIFA üzvü assosiasiyasından komandaların iştirakı ilə keçiriləcək yarışın miqyası Bakıda özünü artıq aydın şəkildə göstərir.

FIFA rəhbəri gənc futbolçularla görüşünün və Bakıda yaradılmış yüksək səviyyəli şəraitin hər bir istedada şans vermək və gələcək nəsil üçün yeni imkanlar yaratmaq istiqamətində təşkilatın öhdəliyini nümayiş etdirdiyini vurğulayıb.

O, AFFA prezidenti Rövşən Nəcəfə dəstəyinə və rəhbərliyinə görə təşəkkür edərək Azərbaycan millisinin və AFFA-nın doğma meydanda tarix yazmağa hazırlaşdığı ərəfədə bütün futbolçulara uğurlar arzulayıb.