İlk dəfə stadiona ayaq basdılar, sevindilər, getdilər, bəs biz..?
Gülxanım və Çinarə 5-6 ildir Litvada yaşayır. Biri Kaunasda, digəri paytaxt Vilnüsdə.
Uzaq diyara arzuları, məqsədləri, hədəfləri üçün yollanıblar. Yaşları az olsa da, kifayət qədər uğurlu karyera qurmağa nail olublar.
Logistika və qida sektorunda peşəkar iş həyatına atılan zərif azərbaycanlılar həyatlarında ilk dəfə idi stadiona ayaq basmışdılar.
Azərbaycan adına, milli komanda naminə. Çox sevincli idilər, gözlərindəki işıqdan hiss edilirdi...
Onları hələ Kaunasın "Torqovı"sında uzaqdan görəndə həmkarlarıma azərbaycanlı olduqlarını təxmin etdiyimi demişdim.
İngilis dilində danışdıqlarından yanıldığımı düşündüm. Sən demə, Gülxanım da bizim azərbaycanlı olduğumuzu sezib.
Tale bizi 1-2 saat sonra yenidən rast gətirdi, ucsuz-bucaqsız, qələbəlik küçədə növbəti dəfə qarşılaşmağımız təsadüfi deyildi. Qan çəkirmiş...
Bu dəfə yaxınlaşıb azərbaycanlı olduğumu soruşanda qəribə hisslər yaşadım. Nə gizlədim, elə bil illərdir adada tək yaşan qərib bir azərbaycanlı kimi doğmam çıxmışdı qarşıma.
Adətən xarici səfərlərdə olanda gözüm hər yerdə azərbaycanlı, Azərbaycan dilində danışan adam axtarır. Yəqin xarakterimdən, duyğusallığımdan belədir.
Çinarə qohumu Gülxanımın yanına Vilnüsdəki iş yerindən 1 həftəlik məzuniyyət götürərək gəlib, həm də ad gününü doğması ilə birlikdə qeyd etməyə.
Deyir, Gülxanımın Azərbaycan yığmasının oyununa bilet alması onun üçün xüsusi hədiyyə oldu.
Futbolçularımızın əksəriyyəti ilə xatirə şəkilləri çəkdirməklərinə yardımçı oldum.
Komanda üzvləri onlara dəstəyə gələn zərif azarkeşlərə təşəkkür edərək xoş xatirə qalmasına etiraz etmədilər.
Həm də futbolçular sevinirdilər ki, nəticələrdən asılı olmayaraq, onları dünyanın hər yerində dəstəkləyən, tək buraxmayan azərbaycanlılar, həmyerlilərimiz, soydaşlarımız var.
Gülxanım və Çinarə də komandamızın uduzmamasına çox sevinirdi. İlk dəfə futbol meydanına ayaq basan həmyerlilərimiz bəlkə də keçirdikləri duyğulardan, hisslərdən xoşhal olmuşdular.
Oyundan sonra "Mediasport"a verdikləri qısa müsahibədə sevinclərini gizlətmədilər.
Amma mən nə gizlədim, AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyilə yollandığım bu səfərdə də sevinə bilmədim. Çünki...
Çünki millimizin oyunu mənə ümid vermir, perspektivdə işıq ucu görə bilmirəm.
Bu komandaya istənilən taktikanı tətbiq elə, kor-koranə, gücsüz, zəif, bacarıqsız, başdansovdu, Allah-Allah oynayırlar.
Bunların ayıbını, səhvlərini klublarında legionerlər örtürmüş. "Qarabağ"dan gedən Toralın, Nərimanın indiki klublarında hansı yerdə olduqlarını xatırlatmaq istəmirəm.
Meydana yeni çıxan Toral 5 dəqiqə sonra 1 saatdı dayanmadan qaçıb yorulan adam təsiri bağışlayır, 24 yaşlı Musa ondan betər.
Rəhman, Rahil "canlı bomba" kimi oynayır, iki Emildən qapıçımız bir gün belə-bir gün elə, Allaha təvəkkül gedir.
"Neftçi"dən komanda yoldaşı olan adaşı isə intizamsız, ehtiyatsız, kəmhövsələ, Renat da niyə meydana çıxdığını dərk eləmir...Bunlarla nə ümid?
Gedirik üzüyoxuşa, harda qırıla-qırıla.
Mahir...təkbaşına nəsə eləməyə çalışır, can yandırır, amma haradək?
Ümid 35 yaşlı Bədaviyə qalıbsa, vəziyyətin mürəkkəbliyi, nəhayət, başa düşülməlidir, dostlar.
Hə, bir az Antona, Cəlala şans vermək, Vüsalı daha çox oynatmaq olar, Zamiqi də çağırmaq lazımdır düşərgəyə. Ancaq bununla düzələcəkmi? Əsla!
Kor-koranə gedirik, UEFA-da milli komanda yarışlarının dibinə enmişik. Haqq edirik. Bu gün Litva ilə matçda 1 xala sevinirik...
Futbolu dərk edərək düşünüb özünüzə sual verin: Nəyə sevinirik biz? Hara gedirik biz?
https://www.facebook.com/share/v/1MH4WAxQC9/
Elvin ƏHƏD, Kaunas-Litva

