"Şəfa"da yeni QALMAQAL - Əfran Nadir Nəbiyevi klubdan göndərir
Premyer Liqaya qayıdar-qayıtmaz daxili çəkişmələrin, qalmaqalların episentrinə düşən "Şəfa"də sular durulmaq bilmir.
Redaksiyamıza klubun içindən ötürülən ən son informasiya vəziyyətin bir az da qəlizləşdiyini təsdiq edir.
"Burda mənəm, Bağdadda kor xəlifə" deyən vitse-prezident Əfran İsmayılov daha geniş qol-qanad açıb.
Bugünlərdə Qurban Qurbanovun üst səviyyədə xahişi ilə klubdakı postunda saxlanılan veteran futbolçu dayanmaq bilmir: Məqsədi de-fakto "Şəfa"nı ələ keçirmək və burada tamamilə söz sahibi olmaqdır.
Yığmanın sabiq üzvünün bu yolda növbəti hədəfi akademiyanın direktoru Nadir Nəbiyevdir.
İsmayılov təyin olunduğu gündən yola getmədiyi və hər vəchlə göndərməyə çalışdığı veteran futbolçuya qarşı konkret əks-hücuma keçib.
Məlumatda bildirilir ki, Əfran İsmayılovun özbaşınalıqlarından bezən Nəbiyevin "Şəfa"dan ayrılması artıq an məsələsidir.
Klubu Premyer Liqaya çıxaran, hazırkı prezident Kənan Sadıqlının yaxın qohumu Sərdar Salmanzadənin də buradan gedişinə birbaşa səbəb olan İsmayılovun baş məşqçi Zaur Həşimovla əlbir olduqları vurğulanır.
Xatırladaq ki, "Şəfa" baş sponsor "MyGroup"dan rəhbər göndərilən Kənan Sadıqlı Əfran İsmayılovu daha əvvəlki xəbərlərimizdə qeyd etdiyimiz özbaşınalıqlarına görə komandadan uzaqlaşdırmışdı.
Səbəb onun vəzifəyə gəldikdən sonra dövlətin ayırdığı maliyyə və sponsor büdcəsini ağına-bozuna baxmadan israf etməsi, heyəti faydasız legionerlərlə doldurması, səfər oyunları öncəsi komandanın qaldığı hotellərdə ən bahalı nömrələri götürməsi, hətta özünə şəxsi avtomobili üçün qapını açıb-bağlamağa işçi tutması və s. bu kimi qeyri-peşəkar fəaliyyəti idi.
Lakin bu xəbərlərdən hiddətlənən və hesabat tələb edən Sadıqlı istədiyi cavabı ala bilmədiyi üçün İsmayılovla yolları ayırsa da, yuxarıdan gələn göstərişdən sonra vəzifəsində qalmasına əngəl ola bilməyib.
Mediasport.com.az

