Bəlkə xəyallarımıza, istəklərimizə gün doğdu - Kaunas təəssüratları

Bəlkə xəyallarımıza, istəklərimizə gün doğdu - Kaunas təəssüratları

Azərbaycanda parklar adətən şəhərin içində olur. Daha doğrusu, salınır. Bir az da süni. Əzəldən belə görmüşük. Ona görə şəhərin parkın içində olduğunu görəndə təəccüblənirik.

Başdan-başa yaşıllıqlar fonunda tarixlə müasirliyin tandemini təqdim edən, təbii, təmiz, sadə, romantik atmosferi olan, bir qədər də sentimental duyğular yaradan Kaunas Litvanın ikinci böyük şəhəridir.

AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyilə səfərə yollandığımız bu şəhər ötən əsrdə keşməkeşli müharibə illərinin müvəqqəti paytaxtı da olub. "Basketbolun Məkkəsi" adlandırılır. Ziyarətə gəlmişik.

Təxmini 305 min əhalisi olan Kaunasın adı çəkiləndə kütlənin əsasən basketboldan - "Jalgiris" BK-dan danışmasını normal qarşılamaq lazımdır.

Təbii olaraq, futbol burada arxa plandadır, bizdəkindən fərqli. Amma oxşarlığımız var: bizdə futbol əsas səhnədə olsa da, litvalılar kimi, nəticələrimiz eynidir - kafi.

Ümumən Rusiyaya və rusdillilərə daha çox nifrət edən ölkələrdən biri kimi oxşarlığımız isə çox azdır. Məsələn, respublikanın onurğa sütunu elm-texnologiya üzərində qurulub və sürətlə dünyaya meydan oxuyur.

Kaunasın həm də tələbə şəhəri kimi tanınması, burada ölkənin 4 böyük universitetinin olması təsadüfi deyil.

Şəhər gəzintisi zamanı küçələrdə, kafe-restoranlarda çoxluq təşkil edən gənclərin simasında əksər Avropa ölkələrində müşahidə etdiyimiz rifahı, xoşbəxtliyi görürük. Yaxşı mənada paxıllıq çəkirik, həsrətlə baxırıq...

Sosial vəziyyətlərini araşdırmağa həvəs olmasa da, minimum əmək haqqının 1150 avro (təxminən 2272 manat) olduğunu öyrənə bildik.

Sovet zəncirini məcburi qırmış, tarixi müharibə zamanı Almaniyadan, sonra elə tərkibinə zorən qoşulduğu SSRİ-nin zamanında Rusiyadan ağır zərbələr almış müstəqil Litva üçün əla göstəricidir.

Hər şey pul olmasa da, faktdır ki, sosial vəziyyət xoşbəxtliyə yol açan, yaxud bağlayan əsas vasitədir.

Bura futbol oynamağa gəlmişik. Daha doğrusu, bizimkilər oynayacaq, biz də baxıb nələrsə çəkib-yazacağıq.

1998, 2008 və 2019-cu illərdə Litva millisi ilə 3 dəfə yoldaşlıq görüşlərində qarşılaşmışıq - 1 qələbə, 1 məğlubiyyət, 1 heç-heçəmiz var.

Futbol proqnozu sevməsə də, ümidsiz gəlməmişik.

Sentimentallıq olmasın, xüsusilə matçın Azərbaycan xalqı üçün əlamətdar gündə - 27 sentyabr tarixində keçiriləcəyi komandaya-futbolçulara əlavə motivasiya verməlidir.

Qəhrəmanlıq salnaməmizin əsasının qoyulduğu Anım Günündə meydana çıxacaq futbolçunun ürəkdən oynayacağına şübhə etmirik.

Bəli, qanlı müharibəni çoxdan başa vurmuşuq, qalib kimi. Elə Litva da bu günlərə çatmaq üçün az qurban verməyib. Həm futbol da müharibə meydanı deyil. Lakin xalq olmaq istəyən xalq tarixi, keçmişi unuda bilməz. Bizim kimi, litvalılar kimi.

Kaunasın mərkəzi stadionuna adını verdikləri əfsanəvi pilotlar - Stefanos Darius və Stas Girenası əbədiləşdirdiklərindən bilinir ki, keçmişə sayğı-gələcəyə ümidlə gedirlər.

Biz də gələcəyə nikbin baxmaq istəyirik, arzusundayıq. Qismət, bəlkə bizim də xəyallarımıza, istəklərimizə gün doğdu.

O gün elə 27 sentyabr tarixi olsun!

Milli qəhrəmanların ruhlarının yaşadığı Darius və Girenas stadionunda Azərbaycanın Anım Gününü zəfərlə qeyd etmək arzusu ilə...

Elvin ƏHƏD, Kaunas, Litva