Əfsanəvi idmançının oğlunu futboldan iyrəndirən Azərbaycan klubunun cavabı: "Bizdə belədir"

Əfsanəvi idmançının oğlunu futboldan iyrəndirən Azərbaycan klubunun cavabı: "Bizdə belədir"

“Oğlum "Karpatı”da məşqlər edirdi. Artıq rəsmi müqavilə bağlamaq üzrə idi. Amma müharibə planları pozdu. Və o, Azərbaycanda komandalardan birinə keçdi".

Bu sözləri "Offsideplus"a müsahibəsində güləş üzrə ikiqat dünya və onqat Avropa çempionu Mariya Stadnik deyib.

Hazırda Azərbaycan Güləş Federasiyasında koordinator vəzifəsini icra edən dördqat Olimpiya mükafatçısı oğlu İqorun futboldan məhz Azərbaycanda uzaqlaşdırıldığını açıqlayıb.

18 illik Azərbaycan yığması karyerası ərzində ölkəmizin adını bütün beynəlxalq yarışlarda layiqincə təmsil etmiş ukraynalı əfsanə oğluna qarşı Azərbaycan klubunda hədsiz soyuq, laqeyd münasibətdən danışıb:

"Oğlumu bir kluba götürdülər. Ora heç də bütün uşaqlar düşə bilmirlər. Başqa sözlə, oğlumu anasının adına görə qəbul etdilər. Birinci il heç nə demədim. Axı mən hər dəfə məşqlərə gedib, “uşağımı meydançaya buraxın” tipli xahişlər etməməli idim. Məşqçi hamıdan yaxşı görür. Kim yaxşı oynayırsa, o da heyətə düşür. Birinci il oğluma dedim ki, “yəqin, sən hələ meydançaya çıxmaq səviyyəsinə çatmamısan, ona görə məşqçilər sənə şans vermir. Sən bu komandaya düşmüsən, qalan işlər sənin boynunadır”.

O, fikirlərini belə davam etdirib:

"İkinci il başlandı. Bilirəm ki, oğlum məşqlərini yaxşı edirdi. Bəzən meydançaya buraxırdılar. Hər dəfə saat yarım taksi ilə məşqə gedirdi, Heydər Əliyev prospektində tez-tez tıxaca düşürdü. Günlərin birində evə gəlib dedi: “Bir daha məşqə getməyəcəm”. Soruşdum: “Niyə?”. “Getməyəcəm, vəssalam!”. Demə, məşqə təzə uşaqlar gəliblər. İqor deyirdi: “Ana, axı mən görürəm, onlar güclə ayaq üstə dururlar, amma oyunun yarısını meydançada olurlar. Mənə isə şans verilmir”.

Əlbəttə, bu yaşda oynamaq çox vacibdir. Əgər pis oynasan belə, təcrübə toplayırsan, inkişaf edirsən. Təkcə məşqlərlə kifayətlənəndə heç cür inkişafa nail ola biməzsən. Oğlumu hətta yoldaşlıq görüşlərində meydançaya buraxmırdılar. O, necə inkişaf edə bilərdi? Deyirdi ki, “ana, məşqə bir ay əvvəl gələn uşaqlar var ki, hətta hansı tərəfə qaçacağını bilmir, buna baxmayaraq, oyunun yarısını meydanda keçirir”.

Məşqçilər mənim oğluma qarşı niyə belə edirdilər? Yəqin ki, mənim ora getməyim, məşqçilərlə danışmağım, oğluma görə onlardan xahiş etməyim lazım idi. Lakin mən bunu edə bilməzdim. Məşqçi bütün prosesə rəhbərlik etməlidir, daha güclü komanda yaratmaqda maraqlı olmalıdır. Sonra mən məşqçiyə yazdım. O isə belə cavab verdi: “Hə, bizdə belədir”... Beləliklə, oğlum futbolu atdı".

"Mediasport" Mariya Stadnikin oğlunun hansı klubda olduğunu dəqiqləşdirib. Əldə etdiyimiz məlumata görə, İqora qarşı belə qeyri-peşəkar yanaşma, hörmətsizlik əsasən "Sabah" üçün futbolçu hazırlayan "Vətən" Futbol Akademiyasında yaşanıb.