"Yeni komandayıq, yaxşı işlər görəcəyimizə inanırıq" - Samir Abasov

 "Yeni komandayıq, yaxşı işlər görəcəyimizə inanırıq" - Samir Abasov

"Azarkeşlərimizə təşəkkür edirəm. Sona qədər komandanı dəstəklədilər. Əfsuslar olsun ki, onları sevindirə bilmədik".

"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 2-ci turunun "İmişli" ilə səfər matçı (0:0) haqda fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün iki xal itirdik. İlk matçdan sonra klub rəhbərliyi bizə dəstəyini göstərdi. Yeni komandayıq. Yaxşı işlər görəcəyimizə inanırıq. Buna şübhəmiz yoxdur.

Oyun planında nədən narazı qaldınız?

- Birinci hissədə narazı qaldım. Oyunun dinamikası aşağı idi. İkinci hissədə tempi qaldırdıq. Bu cür qapalı komandalara qarşı 2-3 fürsət yarada bilərsən. Bassala Sambunun epizodu var idi. Onu dəyərləndirməli idik. Rəqibi başa düşürük, oyunu əks-hücumda qurublar. İkinci hissədə daha istəkli idik. Top itkiləri tələskənlikdən irəli gəlirdi. Futbolçular əziyyət çəkdilər,onlara minnətdaram.

Emin Mahmudovun əvəzlənməsinin səbəbi nə idi?

- Emin özü istədi.

"Neftçi"dən yaxşı nəticələri nə vaxt tələb etmək olar?

- Komanda olaraq formalaşmışıq. Sadəcə, oyunçuların arasında bir az anlaşılmazlıq var. Uşaqlara zaman lazımdır. Futbolçularda istək yüksək səviyədədir, fiziki cəhətdən inkişaf ediblər. Çatışmazlıqları oyunlarla aradan qaldıracağıq.

İlk iki turda "Şamaxı" və "İmişli" kimi qapanan komandalara qarşı oynadınız. Başqa rəqiblər olsaydı, nəticələr fərqli ola bilərdi?

- Düz vurğulayırsız. Müdafiəni qurmaq asandır. Bu, o qədər də güc sərf edən bir şey deyil. Amma "Neftçi"də tələb hücumda nələrsə etməkdir. Yeni qurulmuş komanda üçün bunları etmək çətindir. Uşaqların gözündə qələbə istəyi var. Ötən mövsüm hər hücumda qorxurduq ki, qapımızda qol görəcəyik. Bu il bunu aradan qaldırmışıq. Hücumda bir az problem var. 

"Neftçi" üçün transfer mövsümü bitib?

- Transfer heç vaxt yekunlaşmır. Departamentimiz bunun üzərində işləyir. Hazırda əsas məqsədimiz əlimizdə olan oyunçuları pik səviyyəyə çatdırmaqdır.

Bu meydançada "İmişli" ilə oynamaq çətindir, yoxsa öz meydanınızda "Turan Tovuz"la oynaamaq?

- Süni örtükdə oynamaq çox çətindir. "Qarabağ" da burda oynayanda baş məşqçiləri vurğulayır. Meydança futbolçularda narahatlıq yaradır. "Turan Tovuz"a gəlincə,oyundan sonra danışarıq.

Əvəzedici komandaya göndərilən Ramil Şeydayev və Ryonosuke Ohorinin aqibəti necə olacaq?

- Biz futbolçulara açıq-aşkar hər şeyi demişik və seçimi onların özlərinə buraxmışıq