"AFFA bununla işinin bitmiş olduğunu hesab etdi" - DEPUTAT

AFFA-nın 2024-cü ildəki xərcləri müzakirələrə səbəb olub.
"Mediasport" xəbər verir ki, federasiyanın hesabatına əsasən, ötən il 33 milyon 448 min manat pul xərclənib.
Maliyyə vəsaitinin 15 milyon manatdan çoxu milli komanda üçün, 6 milyon manatı isə əməkhaqqı və ezamiyyə üçün xərclənib. Milli Məclisin deputatı Müşfiq Cəfərov "pravda.az"a açıqlamasında AFFA-nı tənqid edib.
Hesabat fonunda Azərbaycan millisinin FİFA-nın reytinq siyahısında 119-cu yerdə qərarlaşması gündəmə gətirilib. Deputat qeyd edib ki, futbola kifayət qədər diqqət göstərilir, pul ayrılır, amma istənilən nəticə əldə edilmir:
“Hazırda ölkəmizin milli komandasının FİFA-nın reytinq siyahısında 119-cu yerdə qərarlaşması hər kəsi məyus edir. Dünya və Avropa çempionatlarının seçmə oyunlarında zəif nəticə göstərən millimizin bu vəziyyəti düşündürücüdür.
Azərbaycan ictimaiyyətində belə bir fikir formalaşıb ki, Azərbaycanda futbol yoxdur. Bütün uğursuzluqların da səbəblərini futbolçuların üzərinə yıxmışıq. Azərbaycan futbolu niyə beynəlxalq arenada uğur qazana bilmir? Bu sualın cavabını hamımız düşünməliyik. Heç kim dünyaya futbolçu və idmançı olaraq gəlmir, yetişdirilir.
SSRİ dövründə bütün maneə və şəraitsizliyə baxmayaraq, yerli futbolçular yetişmişdi ki, bunun əsas səbəbi məhəllə futbolunun olması idi. Hazırda məhəllə futbolu tamamilə sıradan çıxarıldı. AFFA bu məsələdə bəzi məktəblərin yaxınlığında süni meydançalar tikməklə işinin bitmiş olduğunu hesab etdi.
Futbolda olan zəif cəhəti aradan qaldırmaq üçün xarici oyunçular transfer olunmağa başladı. Lakin bu da effektli çıxış yolu olmadı. Çünki ölkəmizin millilərini o oyunçular seçdilər ki, onlar öz ölkələrinin milli komandasına düşə bilmirdilər. Beləliklə, yenə də millimiz Avropada ən zəiflərdən oldu.
Düşünürəm ki, problemlərə yanaşma dəyişmədikcə müsbət nəticələr qazanmaq mümkün olmayacaq. Xarici oyunçulara xərclənən pulu elə öz uşaqlarımızın inkişafına yönəltmək daha məqsədəuyğun olardı.
Dəfələrlə demişəm, indi də deyirəm, problemin kökü uşaq futbolundadır. Nə qədər ki bu istiqamətdə ciddi, düşünülmüş, doğru işlər aparılmayacaq, futbolumuzdakı böhran da aradan qalxmayacaq. Bu gün regionda Gürcüstanla müqayisədə Azərbaycan çox geridədir. Türkiyəni misal göstərsək, orada istər uşaq futbolu, istərsə də peşəkar futbol klublarına sponsorluq etmək üçün sıraya düzülən böyük şirkətlər görərik. Bu, güclü idarəetmənin, ağıllı yanaşmanın nəticəsidir”.