Daxili İşlər Nazirliyi "Qarabağ"la bağlı hərəkətə keçdi - AÇIQLAMA
“Qarabağ” - “Çelsi” oyununun biletlərin sosial şəbəkələrdə yüksək qiymətlərlə satışa çıxarılması məsələsi klubumuzun və hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir".
"Mediasport" xəbər verir ki, bunu “Qarabağ” klubunun mətbuat katibi Anar Hacıyev deyib.
O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində Bakıda keçiriləcək matçın qanunsuz bilet satışı ilə bağlı araşdırmaların aparılacağını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli "Azərtac"ın sorğusuna cavab olaraq qeyd edib ki, bu barədə qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək:
“Polis əməkdaşları tərəfindən qanunsuz bilet satışı ilə bağlı çevik reaksiya verilməklə hər bir məlumat yoxlanılacaq”.
"iTickets.az" saytından isə oyunun biletlərinin alışı zamanı yaranan çətinliklə bağlı bildirilib ki, biletlər satışa çıxarıldıqdan dərhal sonra saytda ciddi yüklənmə olub və 25 min nəfərlik onlayn növbə yaranıb:
"Nəticədə biletlər növbəli şəkildə satılıb. Həmin vaxt yalnız 75 manatlıq və VİP sektorlar üçün biletlər əlçatan olub".
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.
