"O, matça ikinci dərəcəli oyun kimi baxmır" - Qurban Qurbanov
"Maraqlı oyun olacaq. Böyük tarixi olan kluba qarşı oynayacağıq. Bu cür komandaların, futbolçuların Bakıya gəlməsi azarkeşlər üçün də əlavə stimuldur. Belə matçlar ölkəmizdə futbol üçün əlavə stimuldur. Oyuna pis hazırlaşmamışıq. Yaxşı, mübariz futbol göstərmək istəyirik. Futbolçularıma güvənirəm. İnanıram ki, azarkeşlər oyundan zövq alacaq".
"Mediasport" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Quranov səsləndirib.
Mütəxəssis sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində Bakıda “Çelsi”yə (İngiltərə) qarşı keçirəcəkləri görüşdən öncə təşkil olunmuş mətbuat konfransında fikirlərini bölüşüb.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
“Çelsi” Bakıda məşq etməyəcək. Onların birbaşa oyuna çıxması sizin üçün nə dərəcə üstünlük yarada bilər?
- Belə hallar çox olur. Maraqlansaq, onlar bu rejimdə çox oynayıblar. Belə komandalar üçün oyun günü meydana çıxmaq problem yaratmamalıdır. Özümüz də belə hallar yaşamışıq. İndi “Çelsi”nin məşq etməməsi bizim üçün əlavə üstünlük yaratmamalıdır. Yəni bu məqamı nəzərə alıb, hansısa rahatlıq tapmalı deyilik.
“Çelsi”nin bəzi aparıcı oyunçuları olmayacaq. Bu sizə psixoloji üstünlük verə bilər?
- Belə böyük komandaların bir-iki oyunçusunu müzakirə etmək olmaz. Böyük klublardır və böyük hədəfləri var. Bir oyunçu yoxdur, ikisi var. Onların heyəti çox genişdir. Sadəcə, onlarda xırda detallar axtarmalı deyilik. Daha çox onların oyun sisteminə uyğunlaşmalıyıq.
Qələbə karyeranızın ən böyük qələbəsi hesab edilə bilər?
- Böyük klublara qarşı qalibiyyət çox önəmlidir. Bu cür oyunlar böyük stimuldur. İngiltərə təmsilçilərinə qarşı qələbəmiz yoxdur, xal da qazanmamışıq. İngiltərə Premyer Liqası tamam başqa səviyyədir, dünyanın ən güclü liqasıdır. Bütün futbol ölkələrini üstələyirlər. Belə rəqiblərə qarşı məğlub olsaq da, uduşumuz var. Əvvəl də demişəm, biz möhkəm durmağı bacarmalı, inamlı mübarizə aparmalıyıq.
2017-ci ildən bu yana komanda olaraq özünüzü necə hiss edirsiniz? Komanda nə dərəcə inkişaf edib?
- Futbol çox inkişaf edib. O vaxt da klublar arasında fərq çox idi. Bu gün daha artıq ola bilər. Çünki əvvəl bizim zəif cəhətlərimiz çox idi, amma indi təcrübəmiz artıb. Premyer Liqada futbol həddindən artıq inkişaf edir. Bütün komponentlərdə sürətlidirlər. Nə qədər təcrübəli olsaq da, “Çelsi” daha çox inkişaf edib. Bu, bizim üçün təhlükədir. Dünya çempionuna qarşı oynamaq bizimçün əlavə stimuldur. Klublar arasında fərq böyük olsa da, yaxşı mübarizə aparmağa çalışacağıq.
Sabah hansı taktika ilə oynayacaqsınız?
- "Çelsi” son dönəmlərdə rotasiyalara gedir. Çempionlar Liqasında fərqli, Premyer Liqada fərqli heyətlə çıxış edirlər. İki detal var ki, dəyişiklik edirlər. Sabah heyətə uyğun futbolçulara fikirlərimizi bildirəcəyik. Bu komandaların belə oyunlarda heyət dəyişməsi onlar üçün fərq etmir. Çalışacağıq ki, bildiyimizi daha yaxşı edək. Oyunun gedişatında bəzi detallardan istifadə etməyə çalışacağıq. Futbolçular bu oyundan zövq almalıdırlar.
Start heyəti müəyyənləşdirmisiniz?
- Müəyyənləşdirmişəm demək olar. Kiçik sual var. Sabah səhər məşqindən sonra qərar verəcəyik.
Musa Qurbanlının durumu necədir?
- Musa üç gündür, fərdi məşqlər edir. Durumu belədir.
“24-lüy”ə düşsəniz, hücumçu transferi gözlənilir?
- Bu barədə çox düşünmək istəmirik. Daim hücumçu axtarışındayıq, gətirmək istəyirik. Bir neçə mövqeyə oyunçu transferi düşünürük. Həmişə çalışmışıq ki, maksimumdan istifadə edək.
Rəqib baş məşqçi Enso Mareska oyunun çətin keçəcəyini deyib. Deyib ki, “Qarabağ” sıx oynayır. Bunlarla bağlı nə deyə bilərsiniz? Eyni zamanda sizin uzunmüddətdir klubda işləməyinizə toxunub…
- Təşəkkür edirəm. Bu fikirlər onun peşəkarlığını göstərir. Deməli, klubla yaxından maraqlanıb. Yəni matça ikinci dərəcəli oyun kimi baxmır. Burda qazanılacaq hər xal liderliyinə təkandır. Bu, göstərdi ki, məşqçilər, futbolçular çox peşəkardır.
Mareska “Sanderlend”ə məğlubiyyətdən sonra demişdi ki, rəqibin son anda taktika dəyişməsi problemə səbəb olub. Sabah siz tərəfdən onları hansısa sürpriz gözləyir?
– Fikir olaraq bildirə bilər. Bəlkə, onu nəsə əldə etmək üçün deyib. Sıx qrafikə görə problemləri ola bilər. Çünki futbolçu yorğun olanda potensialını üzə çıxara bilmir. “Beşli” müdafiə oynamağı sevmirəm. Əldə etdiyimiz uğurları sistemimizə görə bacarmışıq. Hansısa oyunda daha çox müdafiəyəmeyilli oyun qurmaq olar. Amma bu sistemlə uzunmüddətli oynamaq olmaz. Düzdür, “beşli” müdafiə ilə dominant oynayan klublar da var. “Çelsi”nin qarşısını almaq üçün fərqli sistemə əl atmağı düşünməmişəm. Düzülüşdə müəyyən dəyişiklik etmək olar. Bunu müdafiəçi yox, hücumçu ilə də əvəzetmək olar.
Türkiyədə klubların bir futbolçu üçün ayırdığı pula siz bir komanda qurmusuz və uğur qazanırsınız. Sirr nədədir?
– Özümüzü onlarla yanaşı qoymaq istəmirəm. Klubların öz düşüncələri, yanaşmaları var. Düşünməmişəm ki, bu klubun büdcəsi çoxdur, məndə azdır, amma mən yaxşı nəticə verirəm. Həmişə çalışıram ki, düşdüyümüz vəziyyətə uyğun addım ataq. Uğur üçün şansımız varsa, etməyə çalışırıq. Bunu işgüzarlığın hesabına etməyi üstün tuturam.
“Qara bazar” bilet satışı ilə bağlı “işini gördü”. Azarkeşlər bu məsələdə əziyyət çəkir. Stadionda sizi dəstəkləmək istəyənlər kənarda qalır. Bu durum sizə necə təsir edir?
– Bu haqda məlumatım yoxdur. Görmədiyim, bilmədiyim şeyə münasibət bildirmək istəmirəm. Klub tərəfindən hər şeyə maksimum nəzarət var.
