"Lider olmaq asan başa gəlməyib" - Turan Tovuz"un kapitanı
                                "Əsas məsələ kimi Tovuza - doğma azarkeşlərimiz qarşısına qayıtmağımızı qeyd etmək istəyirəm. Şadıq ki, bu mövsüm ilk ev oyunumuzda qələbə qazanıb onları sevindirə bildik. Azarkeşlərimiz üçün çox darıxmışdıq. Dəstəklərini maksimum hiss etdik. Evdə atmosfer tamam başqa olur".
Bu sözləri "Mediasport"a açıqlamasında "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev deyib.
Müdafiəçi Tovuz şəhər stadionunun süni örtüyünün dəyişdirilməsini belə şərh edib:
"Rəhbərlik sağ olsun, çox böyük iş görüb meydançanı təbii ot örtüyü ilə əvəz etdilər. Həqiqətən böyük zəhmət çəkdilər. Düzdür, "Şamaxı" ilə oyunda da göründü ki, ot örtüyü hələ tam bərkiməyib. Futbolçulara bir qədər çətin oldu.
Lakin buna baxmayaraq, dəyişikliyi çox yüksək qiymətləndirirəm. Çünki təbii meydançada futbol oynamaq fərqlidir. İnanıram ki, "Neftçi" ilə matça qədər ot örtüyü tam hazır olacaq. Bu qarşılaşmaya qədər 20 gündən çox vaxtımız var".
Ötən mövsümün sonlarında zədədən əziyyət çəkən və bir müddət yaşıl meydanlardan kənar qalan futbolçu oynamağa tam hazır olduğunu bildirib:
"Şükür Allaha, tam sağalmışam, kubok görüşündə meydana çıxdım. Oynamağa hazıram. Baş məşqçidən şans gözləyirəm. Nə vaxt meydana çıxmağımı istəsə, var gücümü qoymağa hazıram".
O, "Turan Tovuz"un 10 turda geridə qalan çıxışlarına toxunaraq liderlər qrupunda bu mövsüm yer almağın çox çətin olduğunu vurğulayıb:
"İlk dövrə bitmək üzrədir, "Zirə" ilə oyun qalıb. Keçirdiyimiz görüşlərdən maksimum xal qazanmağa çalışdıq. Düzdür, elə oyunlar oldu ki, daha yaxşı nəticə əldə edə bilərdik.
İstənilən halda komandamız bu gün liderdir. Zirvədə olmaq asan başa gəlməyib. Xüsusən bu mövsüm liderlər qrupunda yer almaq çox çətindir. Uğurlu nəticələrin davamını gətirməyə çalışacağıq.
Çempionat çox maraqlı keçir, irəlilədikcə daha ağır olacaq. Özünüz də görürsünüz ki, hansısa komanda xal itirən kimi digəri dərhal ona gəlib çatır.
Kollektiv olaraq birliyimizi qorumalı, daha da artırmalı və yaxşı nəticələrin davamını gətirməliyik. Bunun üçün hər bir şəraitimiz, imkanımız, potensialımız var".
Xatırladaq ki, 10 turdan sonra 21 xalla lider olan "Turan Tovuz" "Qarabağ"ı 1 xal qabaqlayır.
                        