Avropa Paralimpiya Oyunlarına qatılacaq idmançılarla görüş oldu

Avropa Paralimpiya Oyunlarına qatılacaq idmançılarla görüş oldu

Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək paralimpiyaçılarla görüş keçirib.

"Mediasport" xəbər verir ki, tədbirdə MPK-nın prezidenti Hidayət Abdullayev, vitse-prezident İlham Zəkiyev, baş katib Toğrul Rəhimov, idmançılar, məşqçilər və komitə nümayəndələri iştirak ediblər.

Görüşdə idmançılara olan inam ifadə edilib, qarşıdan gələn mötəbər turnirdə uğurlar arzulanıb.

Paralimpiyaçılar 7 idman növündə (parataekvondo, paracüdo, paraatletika, paraüzgüçülük, parakamandan oxatma, parastolüstü tennis, boccia) 17 idmançı (11 kişi və 6 qadın) ilə təmsil olunacaqlar.

Qeyd edək ki, Azərbaycan Milli Paralimpiya komandasının debüt edəcəyi 7-ci Avropa Gənclər Paralimpiya Oyunları iyulun 21-28-i aralığında İstanbulda təşkil ediləcək.

13-23 yaş qrupu üzrə keçiriləcək yarışda 33 ölkədən 700-ə yaxın idmançı 9 idman növü üzrə medallar uğrunda mübarizə aparacaq.

Avropa Gənclər Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi iyulun 24-də, bağlanış tədbiri isə 27-də keçiriləcək.