"Azərbaycan futboluna yaxşı oyunçular cəlb etmək istəyirik"
"Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Birinci hissədə uşaqlarda həyəcan var idi. Bu oyundan nəticələr çıxarmalıyıq".
"Mediasport" xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Azər Bağırov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 1-ci turunun "Qarabağ"la səfər matçı haqda düşüncələrini bölüşüb:
"Səhvlərimiz var. Oyundan əvvəl dediyimiz epizodlarda səhvlər etdik. Daha yaxşı olmaq lazımdır.
"Qarabağ" kimi rəqiblərlə matçlarda tapşırıqları maksimum yerinə yetirmək lazımdır. Cüzi səhvlər bağışlanmır. Daha yaxşı olmaq üçün çalışacağıq.
"Qarabağ"a Konfrans Liqasında uğurlar arzulayıram".
O, komandanın sponsorsuz olması məsələsinə belə reaksiya verib:
"Yerli gənc futbolçulardan ibarət yaxşı heyətimiz var. Azərbaycan futboluna yaxşı oyunçular cəlb etmək istəyirik. İşimiz çətindir. Asan iş olmur.
Bilirsiniz ki, Premyer Liqada çalışmaq nə qədər çətindir. İnşallah zamanla sponsorumuz olar və hər şey yoluna düşər.
Xatırladaq ki, "Şamaxı" çempionatın startında "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.


