Gülay Xasməmmədova və Elvin Nəcəfzadə AÇ-də yarımfinala çıxdı
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, yunan-Roma güləşi üzrə Fikrət Baxşəliyev (85 kq) təsəlliverici görüşdə xorvatiyalı Stefan Çavriçə tam üstünlüklə (9:0) qalib gəlib.
Fikrət bürünc medal uğrunda belaruslu Nikola Osipovla güləşəcək.
Sərbəst güləşçilərdən Yusif Bədəlov (68 kq) 1/8 finalda belaruslu Kiril Prızə 4:8 hesabı ilə məğlub olub.
Xəyal Şükürlü (75 kq) təsnifat mərhələsində yunanıstanlı Xristos Taxmazidisə minimal fərqlə (4:5) uduzub.
Elvin Nəcəfzadə (85 kq) belaruslu Yaqor Staskeviçə (10:0) və ukraynalı Borimir Kotlyara (tuş) vaxtından əvvəl qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda türkiyəli Poyraz Bilginlə qarşılaşacaq.
Qadınların mübarizəsində Gülay Xasməmmədova (36 kq) türkiyəli Damla Beyana (12:5) və polşalı Nikola Pşiblinə "tuş"la qalib gələrək yarımfinala yüksəlib. Gülay finala gedən yolda ukraynalı Oleksandra Sozinovayla üz-üzə gələcək.
Leyla Əsgərova (42 kq) təsnifat mərhələsində rusiyalı Kseniya Sitenkova 2:6 hesabı ilə məğlub olub.
Mədinə Kərimova (46 kq) təsəlliverici görüşdə rusiyalı Şanka Malçinovaya 5:2 hesabı ilə qalib gəlib. O, bürünc medal uğrunda türkiyəli Karin Gülerlə güləşəcək.
Günel Kərimli (50 kq) niderlandlı Yuna Vallenburqa "tuş"la qalib gəlsə də, 1/4 finalda ukraynalı İvanna Maydanskaya 3:13 fərqlə uduzub.
Zərifə Əliyeva (58 kq) ilkin mərhələdə belaruslu Arina Dudkaya 1:3 hesabı ilə uduzub.
Fatimə Qayqiyeva (65 kq) təsnifat mərhələsində macarıstanlı Jofiya Yunqa uduzub - 0:10.


