Mikayıl Cabbarov: "Azərbaycan güləşi sözünü deməyə qadirdir"

"İdmançılarımızın nümayiş etdirdiyi peşəkarlıq və möhkəm iradə bir daha göstərdi ki, Azərbaycan güləşi dünyanın ən böyük arenalarında sözünü deməyə qadirdir".
"Mediasport" xəbər verir ki, bu fikirlər Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarova məxsusdur.
Federasiya rəhbəri sosial şəbəkə hesabında güləşçilərimizi Avropa çempionatında əldə etdikləri nəcitələrə görə təbrik edib.
"Güləşçilərimiz bu yarışda 4 qızıl, 2 gümüş və 7 bürünc medal qazandılar. Millimiz sərbəst güləş üzrə 5-ci dəfə komanda hesabında Avropa çempionu oldu.
Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurmaqomedov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) isə bürünc medal qazandılar. Qadın güləşi millimizin üzvü Jalə Əliyeva (57 kq), zədələrə baxmayaraq, böyük əzmkarlıq nümayiş etdirərək Avropa üçüncüsü oldu.
Yunan-Roma güləşi millimiz 2-ci dəfə Avropa çempionu oldu. Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazandılar.
Güləşçilərimizi, onların valideynlərini, məşqçilərimizi və federasiya nümayəndələrini təbrik edirik".
Qeyd edək ki, Slovakiyanın Bratislava şəhərində baş tutmuş qitə birinciliyində Azərbaycanın sərbəst və yunan-Roma milliləri komanda hesabında Avropa çempionu adını qazanıb.