Azərbaycanın dünya çempionları mundial haqda nələr dedilər?
Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.
"Mediasport" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 2 qızıl və 1 gümüş medalla komanda hesabında dünya ikincisi olan yığmamızın təntənəli qarşılanma mərasimi keçirilib.
Yığmamızın məşqçi və idmançıları təəssüratlarını bölüşüblər.
Nurəddin Rəcəbov, böyük məşqçi:
"Bu dünya çempionatı çox güclü keçdi. Qızıl medallarımızı tarixi nəticə saymaq olar. Eldəniz Əzizli beşqat dünya çempionu oldu və Sənan Süleymanov olimpiya çəkisində 15 ildən sonra ölkəmizə DÇ-də qızıl medal qazandırdı.
Qarşıdan gələn Olimpiya Oyunlarına ümidimiz daha da artdı. Çünki biz idmançıları bu yarışlarda görüb, tam hiss edirik ki, onlar nəyə qadirdir. Bəzi səhvlər var.
Medallarımız daha çox ola bilərdi. Bəzi görüşlərdə tələskənliklər oldu. Bu səhvləri aradan qaldıra bilərik.
Dünyada 2-ci yerə çıxmaq həqiqətən qürurvericidir. Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinə təşəkkürümü bildirirəm.
İlboyu təlim-məşq toplantılarıyla və vitaminlərlə təmin olunduq. Bu medallarda əziyyəti olan valideynlərə və bütün məşqçilərə təşəkkür edirəm".
Eldəniz Əzizli (55 kq), dünya çempionu:
"Həqiqətən çox sevincliyik, xüsusi hisslər keçiririk. Sevincli olmağımızın səbəbi tək özümüz üçün yox, həm də komanda üçündür.
Dünya ikincisi olmağımız Azərbaycan idmanı üçün böyük nəticədir. Bizi qarşıda daha mötəbər yarışlar gözləyir. Müəyyən səhvlərimiz var. Onları düzəldib, yeni ildən yarışlara start verərək daha uğurlu nəticələr qazanmağa çalışacağıq".
Sənan Süleymanov (77 kq), dünya çempionu:
"Dünya çempionatında 3-cü dəfə finalda güləşdim. Həmişə bu kəmərin arzusunda olmuşam, dünya çempionu olmaq istəmişəm.
İki dəfə finalda məğlub olmuşam, amma bu dəfə doğrudan da çox yaxşı hazırlaşmışdım və şükürlər olsun ki, bu dəfə istəyimə nail oldum, dünya çempionu oldum.
Dünya çempionatında zəif rəqib yoxdur, hər biri ciddi rəqibdir. Dünya çempionatına getməmişdən bir müddət əvvəl rəqiblər bəlli olur.
Təlim-məşq toplanışlarında bütün rəqibləri analiz eləyirik. Rəqiblərimə qarşı yaxşı hazırlaşmışdım. Allaha şükür ki, nəticə istədiyim kimi alındı".
Nihat Məmmədli (63 kq), dünya ikincisi:
"Özümə inanırdım. Məqsədim ikinci dəfə dünya çempionu olmaq idi.
Final görüşünə də yaxşı başlamışdım. Sevimli fəndimi işlətdim. Amma daha sonra olanlar bir az planlarımı pozdu. Əks-fəndə düşdüm.
Daha sonra rəqib xalda önə keçdi və məğlub oldum. Ruhdan düşmürəm. Yenidən eyni məqsədlə yoluma davam edəcəyəm".

