Azərbaycan klubunun rəsmisi: "Bizim heç kimə borcumuz yoxdur"
“Bildirmək istəyirik ki, klubumuz hazırda heç bir maliyyə problemi ilə üzləşmir. Bizim heç kimə borcumuz yoxdur”.
Bu sözləri "Mediasport"a açıqlamasında 2-ci Liqa klubu "Şirvan"ın baş meneceri Emin Məmmədov deyib.
Aran təmsilçisinin rəsmisi mətbuatda futbolçuların klubu maliyyə probleminə görə tərk etməsinə dair yayılmış xəbərlərə münasibət bildirib:
“İstənilən futbolçu ilə birbaşa əlaqə saxlayıb məsələni dəqiqləşdirə bilərsiniz. Bir neçə futbolçu ilə yolların ayrılması tamamilə idman prinsiplərinə əsaslanır.
İki futbolçu ilə əməkdaşlığı dayandırmışıq və bu, sırf onların oyun göstəricilərinin klubun tələblərinə cavab verməməsi ilə əlaqəlidir. Burada hansısa maliyyə problemindən söhbət gedə bilməz.
Həmçinin qeyd edək ki, klub rəhbərliyi tərəfindən futbolçulara qarşı hər hansı təzyiq, ödənişlərin dayandırılması və ya düşərgəni tərk etməklə bağlı iddialar əsassızdır və reallığı əks etdirmir.
“Şirvan” Futbol Klubu fəaliyyətini şəffaf, planlı və idman etikası çərçivəsində davam etdirir”.
Xatırladaq ki, 2-ci Liqanın debütantı 14 turdan sonra 23 xalla 6-cı sırada qərarlaşıblar.
