Azərbaycan avarçəkənlərindən beynəlxalq yarışda 18 medal
Azərbaycanın akademik avarçəkənləri Gürcüstanın Poti şəhərində keçirilən beynəlxalq reqatada uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, təmsilçilərimiz turnirdə 18 medal qazanıblar.
Kayak yarışlarında İvan Vorobyanski 200, 500 və 1000 metr məsafələrdə birnəfərlik qayıqda üç qızıl medal əldə edib.
Qiyas Əhmədov və Tengiz Qaqnidze 200 və 500 metr məsafələrdə iki nəfərlik kayak qayığında bütün rəqiblərini qabaqlayıb.
Qiyas Əhmədov 200 metr məsafədə birnəfərlik yarışda gümüş, Tengiz Qaqnidze 500 metr məsafədə gümüş medala sahib olub.
Elmir Tərverdiyev və Mustafa Vəlizadə həm 500, həm də 1000 metr məsafədə iki nəfərlik kayakda qızıl medala layiq görülüb.
Kanoedə Fəxri Sadıqlı və Vaqif Mustafazadə 200 və 500 metr məsafədə iki nəfərlik qayıqda iki gümüş medala sahib çıxıb.
Fəxri Sadıqlı 200 metr məsafədə birnəfərlik kanoedə ikinci, Vaqif Mustafazadə üçüncü olub.
Vaqif Mustafazadə 1000 metr məsafədə də finişi üçüncü sırada keçib.
Akademik avarçəkmə yarışlarında isə Azərbaycan idmançıları bütün çıxışlarını qələbə ilə başa vurublar.
Sabit Abdullayev (2008–2009), Məhəmməd Həsənov (2010–2011) birnəfərlik qayıqda 1500 metr məsafədə rəqib tanımayıb.
İsabala Dadaşzadə və İsmayıl Şirinov tandemi iki nəfərlik qayıqda 1500 metr məsafədə çempionluğu bayram edib.
Yekun nəticədə 10 qızıl, 5 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 17 medal qazanan komandamız turniri ikinci pillədə tamamlayıb.


