Azərbaycanın 27 cüdoçusu Asiya Açıq Turnirində mübarizə aparacaq
Azərbaycanın 27 cüdoçusu oktyabrın 17-18-də Qazaxıstanın Aktau şəhərində keçiriləcək Asiya Açıq Turnirində mübarizə aparacaq.
Azərbaycan Cüdo Federasiyasından "Mediasport"a verilən məlumata görə, ölkəmiz yarışda 11 çəki dərəcəsində (6 qadın, 21 kişi) təmsil olunacaq.
Kollektivə kişilərdən ibarət milli komandanın böyük məşqçisi Robert Kravçik və məşqçi Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.
Yarışda Fəridə Mirzəyeva (52 kq), Gülnarə Bayramova (57 kq), Alina Kuqayeva, Südabə Ağayeva (hər ikisi 70 kq), Nərmin Əmirli (78 kq), Madina Kaisinova (+78 kq), Məhəmməd Rüstəmli, Babərahim Mirzəyev, Murad Əliyev, Fərid Qarayev, Kənan Hüseynov, Amin İsmayılov (hamısı 60 kq), Nazir Talıbov, Rəşad Yelkiyev, Zahir Ağazadə, Yaşar Nəcəfov, Kənan İsmayılov (hamısı 66 kq), Səlim Sultanov, Kamran Süleymanov, Rüfət Şövlətov, Nəriman Mirzəyev (hamısı 73 kq), Xəyyam Əliyev, Əli Qazıməmmədov (hər ikisi 90 kq), Canpolad Əliyev, Elmar Qasımov (hər ikisi 100 kq), Eldar Əliyev və Sübhan Axundov (hər ikisi +100 kq) gücünü yoxlayacaq.
Turnirdə 7 ölkədən 230 idmançı yarışacaq.

