Deputat "Turan Tovuz"un KL-dən kənarlaşdırılmasından danışdı

Deputat "Turan Tovuz"un KL-dən kənarlaşdırılmasından danışdı

"Son günlər Azərbaycan futbolunda böyük rezonans doğuran hadisə baş verib. Bir iş adamı böyük vəsait sərf edərək "Turan Tovuz" klubuna dəstək göstərir, komandanın inkişafına töhfə verir və nəticədə, klub ölkə çempionatında yüksək nəticə əldə edir. Sonradan məlum olur ki, komanda əvvəlki dövrlərdən qalan müəyyən sanksiyalar səbəbindən Avropa turnirlərində iştirak edə bilməyəcək".

"Mediasport" xəbər verir ki, bu fikirlər Millət vəkili Fazil Mustafaya məxsusdur.

Deputat UEFA tərəfindən Konfrans Liqasından kənarlaşdırılan "Turan Tovuz"un məsələsi ilə bağlı hesabatlılığın təmin edilməsinin vacib olduğunu bildirib:

"Bu cür hallar ciddi suallar doğurur. Çünki "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun 2.1.8-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini həyata keçirən qeyri-dövlət qurumlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər də korrupsiya hüquqpozmasının subyekti hesab edilə bilərlər.

Belə vəziyyətlərdə şəffaflıq və hesabatlılıq təmin olunmalıdır. Çünki bir iş adamı böyük maliyyə vəsaiti sərf edir, komandanın inkişafına dəstək verir, bölgədə idman həyatının canlanmasına töhfə verir.

Əgər sonradan bu cür problemlərlə qarşılaşılırsa, gələcəkdə başqa şəxslərin də idmana investisiya yatırmaq həvəsi azala bilər.

Bu məsələlərə yalnız formal yanaşmaq olmaz. Məsələlərə sistemli şəkildə baxılmalıdır. İdmanda uğurun əldə olunması üçün peşəkar idarəetmə, şəffaflıq və məsuliyyət əsas şərtlərdir.

Səlahiyyətli və peşəkar şəxslər iş başında olduqda yüksək nəticələr əldə etmək mümkündür".

Avrokuboklardan bir mövsümlük kənarlaşdırılması qərarı açıqlanan "Turan Tovuz" bununla əlaqədar İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini bildirib.