"Mən geri dönəcəyəm - Daha güclü, daha möhkəm, daha inamlı"

"Mən geri dönəcəyəm - Daha güclü, daha möhkəm, daha inamlı"

"Bəzən qalxırsan, bəzən isə yıxılırsan. Amma əsas olan ayağa qalxmağı bacarmaqdır. Bu dəfə qələbə qismət olmadı.

"Mediasport" xəbər verir ki, bu fikirlər azərbaycanlı UFC döyüşçüsü Tofiq Musayevə məxsusdur.

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilən turnirində qırğızıstanlı Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılan idmançı sosial şəbəkə hesabında fikirlərini bölüşüb.

35 yaşlı Musayev yenidən daha güclü qayıdacağını qeyd edib:

"İnsan çox çalışır və inanır, amma həyat bizə fərqli sınaqlar təqdim edir. Bu yol tək gedilmir. Mənimlə gecə-gündüz təlim meydanlarında nəfəs-nəfəsə çalışan komanda yoldaşlarım, hər səhər motivasiya verən məşqçi heyəti, siz mənim üçün sadəcə yoldaş deyilsiniz, bu mübarizənin bir parçasısınız".

"Sizin səsiniz, arenada yüksələn o çağırışlar, adımı səsləyən minlərlə insan, dəstəyinizi eşitdim, hiss etdim. Bəzən bir döyüşdə məğlub ola bilərik, amma belə sevgini uduzmaq mümkün deyil. Bu, son deyil. Mən geri dönəcəyəm. Daha güclü, daha möhkəm, daha inamlı. Hamınıza təşəkkür edirəm".