Azərbaycanın daha iki cüdoçusu Neapolda Avropa çempionu oldu
Azərbaycanın böyüklərdən, gənclərdən və yeniyetmələrdən ibarət cüdo milli komandalarının üzvləri bu gün beynəxlalq yarışlarda uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, əsas yığmanın üzvü Uşangi Kokauri (100 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə gümüş medal qazanıb.
Xatırladaq ki, yarışda daha əvvəl Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc mükafata sahib çıxıblar.
İtaliyanın Neapol şəhərində keçirilən U-23 Avropa çempionatında Əjdər Bağırov (-100 kq) və Kənan Nəsibov (+100 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu olublar.
Daha əvvəl İslam Rəhimov (-66 kq) da AÇ-də qızıl medal qazandığı üçün Azərbaycan millisi fərdi yarışları komanda hesabında 1-ci yerdə başa vurub.
Gənc cüdoçularımız isə İordaniyanın paytaxtı Əmmanda gənclər arasında Asiya Kubokunda mükafatçılar sırasında yer alıblar.
Gülşən Hüseynova (-48 kq) və Ayan Əliyeva (-63 kq) qızıl, Gülgəz Musayeva (-48 kq) və Aytən Verdiyeva (-57 kq) gümüş, Çinarə Sadıqova (-52 kq) bürünc medalçı olub.



