Canni De Byazi "Qarabağ"la matç üçün "Napoli"ni məlumatlandırdı

Canni De Byazi "Qarabağ"la matç üçün "Napoli"ni məlumatlandırdı

“Qarabağ” bu mövsüm xüsusi olaraq Çempionlar Liqası üçün hazırlaşıb. Daxili çempionatda rəqibləri az olduğuna görə əsas gücü avrokuboklara yönəldib.

"Mediasport" xəbər verir ki, bunu İtaliya mətbuatına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi deyib.

2020-2023-cü illərdə yığmamızı çalışdırmış mütəxəssis sabah "Napoli"nin qonağı olacaq Ağdam klubunun gücündən, heyətində təhlükəli futbolçuların olmasından danışıb:

“Qarabağ"ın heyətində Nəriman Axundzadə həm fiziki gücü, həm də dəqiq zərbələri ilə böyük fərq yarada biləcək oyunçudur. "Napoli" Elvin Cəfərquliyev və Toral Bayramovu da diqqətdə saxlamalıdır: “Toral Çempionlar Liqasında çox oynamasa da, uzaqdan zərbələri ilə rəqiblər üçün təhlükə yarada bilir. Cəfərquliyev isə hücuma aktiv qoşulur və rəqibin müdafiəsini zəiflətmək qabiliyyətinə malikdir”.

De Byazi "atlılar"ın legioner futbolçularını da fərqləndirib:

"Leandro Andrade ilə Marko Yankoviçi xüsusi vurğulamaq istərdim. Komandanın ulduzu Andradedir. O, boşluqları tapmaq və qapıya dəqiq zərbə endirməkdə çox bacarıqlıdır. Monteneqro millisinin üzvü olan Yankoviç oyun qurucusu rolunu oynayır. Komandanın oyununu yönləndirir”.

DE Byazi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqda da söz açıb:

“O, praktik olaraq “Qarabağ”da məşqçi kimi doğulub-böyümüş keçmiş futbolçudur. Qurban Qurbanov klubda böyük gücə malik çox sakit bir insandır, bossdur.

Qurbanov 2008-ci ildən bəri sükan arxasındadır və öz futbol fəlsəfəsini izləyir, 4-2-3-1 sxemindən istifadə edir. Bu sxemdə müdafiəçilər hücumda əsas rol oynayır, hücumçular isə hücuma keçərək zərbələr endirirlər”.

Xatırladaq ki, noyabrın 25-dən 26-na keçən gecə “Dieqo Armando Maradona” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.