"Zirə" yeni hücumçunu klubu ilə müqaviləsi ola-ola transfer edib?

"Zirə" yeni hücumçunu klubu ilə müqaviləsi ola-ola transfer edib?

Ukraynanın "Veres" klubundan Eren Aydını transfer edən "Zirə"nin ciddi qeyri-peşəkarlığa yol verdiyi iddia edilir.

"Mediasport" xəbər verir ki, Ukrayna mətbuatı Rəşad Sadıqovun komandasının 22 yaşlı hücumçunu klubu "Veres"lə müqaviləsi ola-ola transfer etdiyini yazıb.

Məlumata görə, forvardın Ukrayna təmsilçisi ilə 2028-ci ilin iyun ayına qədər rəsmi kontraktı var.

O, klubunun düşərgəsini icazəsiz tərk edərək "qartallar"a qoşulub.

Transferin gerçəkləşməsində iştirak edən idman hüquqşünası Fərid Haqverdiyev isə "Offsideplus"a açıqlamasında bildirib ki, proses qanunauyğun şəkildə aparılıb:

“Oyunçu əvvəlki klubu ilə müqaviləyə birtərəfli qaydada xitam verib. Bundan bir neçə gün sonra “Zirə”ilə müqavilə bağlayıb. Yəni bütün proseslər oyunçu klubu ilə yolları ayırdıqdan sonra aparılıb”.

Qeyd edək ki, Eren Aydın 2025-ci ilin payızında "Qalatasaray"dan "Veres"ə transfer olunmuşdu.