"Açığı, indi "Çelsi" ilə matç haqda düşünmürəm" - Leandro Andrade
"Mediasport" “Qarabağ”ın heyətində fərqli UEFA turnirlərində - Çempionlar Liqası və Avropa Liqasında ilk dəqiqədə qol vuran ilk futbolçu kimi tarixə düşən "Qarabağ"ın kabo verdeli vingeri Leandro Andradenin müsahibəsini təqdim edir.
Leandro, Avropa futbolunda tarix yazmısan. Çempionlar Liqası və Avropa Liqasında fərqli oyunlarda ilk dəqiqədə qol vuran ilk futbolçu oldun. Bu xəbəri eşidəndə hansı hissləri keçirdin?
- Açığı, təəccübləndim. Oyundan sonra xəbərləri görənə qədər bu rekordu qırdığımı bilmirdim. Bu, mənim üçün xoş bir sürpriz oldu. Belə bir nəticə əldə etdiyimə görə şadam. Həmin gün daha yaxşı ola biləcək yeganə şey oyunu qazanmaq olardı.
“Hekken” və FKSB-yə qarşı ilk dəqiqədə vurduğun qollardan sonra “Atletik"ə qarşı da eyni hal təkrarlanıb. Bu ardıcıllıq təsadüfdür, yoxsa Qurban Qurbanovun tapşırıqlarının nəticəsidir?
- Bu, təsadüf deyil. Baş məşqçimiz Qurban Qurbanov daim bizə ilk dəqiqədən diqqətli və fokuslanmış şəkildə başlamağı tapşırır. Mən də çalışıram, bunu meydanda maksimum dərəcədə tətbiq edim. Əlbəttə, bu statistikanı artırmaq istəyirəm, amma növbəti dəfə təki oyunun sonu qələbə ilə bitsin. Bilbao ilə oyunda fərdi olaraq tarix yazdım, amma “Hekken”lə qarşılaşmada biz komanda olaraq tarix yazdıq, çünki o qələbə ilə pley-off mərhələsinə vəsiqə qazandıq. Mənim üçün ən sevimli qol da məhz həmin oyunda vurduğum qoldur.
“Atletik”lə görüşdə erkən qol vursan da, nəticə istədiyiniz kimi olmadı. Oyunda nələri daha yaxşı etmək olardı?
- Oyunda həm yaxşı, həm də pis anlarımız oldu. Düşünürəm ki, Bilbao klubuna qarşı daha yaxşı oynamaq potensialımız var. Nəticəyə görə məsuliyyət bizə aiddir, daha yaxşı çıxış edə bilərdik. Aleksey Kaşşukun epizodu ilə oyunun taleyini dəyişmək ərəfəsində idik. O, fürsəti qaçırmadı, çox düzgün qərar verdi, sadəcə, Yuri Berçiçenin müdaxiləsi həqiqətən möhtəşəm idi - bunun da haqqını vermək lazımdır.
Növbəti turda - noyabrın 5-də “Qarabağ” Bakıda “Çelsi” ilə qarşılaşacaq. Komandanın əhval-ruhiyyəsi necədir?
- "Çelsi”yə qarşı oyun çox həyəcanlı olacaq. Amma etiraf edim ki, indi hələ o matç haqqında yox, daha çox hazırlıq prosesi barədə düşünürəm. Qarşımızda iki liqa oyunu var, məşqlərdə bəzi detalları təkmilləşdirməliyik. Komandanın məqsədi hər görüşdə bir az da inkişaf etməkdir. Mən də hazırda buna fokuslanmışam.
