"Daha əvvəl nəyə qadir olduğumuzu sübut etmişik" - Marko Yankoviç
“Çempionatda ilk oyunumuzda 3 xal qazanmaq çox vacib idi, bunu bacardıq. Oyuna gəlincə, səhvlərimiz də oldu, bəzi məqamlarda isə yaxşı çıxış etdik".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Marko Yankoviç deyib.
Monteneqrolu yarımmüdafiəçi "Şamaxı" ilə ilk tur matçından sonra jurnalistlərə açıqlamasında fikirlərini bölüşüb.
O, Konfrans Liqasının pley-offunda "Tvente" ilə səfər qarşılaşması öncəsi evdə inamlı qələbənin əhəmiyyətini qeyd edib:
“Şansları faizlə dəyərləndirmək ciddi sayılmaz. Əlbəttə, komandamızın mərhələ adlayacağına inanıram. Daha əvvəl nəyə qadir olduğumuzu sübut etmişik.
Böyük klublara qarşı oyun təcrübəmiz var. İnanmasaydıq, heç səfər oyununa getməzdik".
4 ildir Ağdam klubunda forma geyinən Yankoviç bu transfer dönəmində “Qarabağ”dan ayrılacağı ilə bağlı barəsində çıxan xəbərlərə də münasibət bildirib:
“Elə bir söhbət yoxdur. Mənim “Qarabağ”la hələ bir illik müqaviləm var. Bu klubun futbolçusuyam”.
Xatırladaq ki, Monteneqro milli komandasının üzvü "Qarabağ"a 2022-ci ilin iyulunda İsrailin "Hapoel" Təl-Əviv klubundan gəlib.


