"Qarabağ" braziliyalı qoleadorun transferini yekunlaşdırmaq üzrədir

Heyətini Dani Bolt və Pedro Bikalyo ilə gücləndirən “Qarabağ” transfer çalışmalarını sürətləndirib.
"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun komandası növbəti dəfə Portuqaliya bazarına üz tutub.
Azərbaycan çempionu bu dəfə hücum xəttindəki boşluğu doldurmaq üzrədir.
Məlumata görə, "köhlən atlar" "Akademiku" (Vizeu) klubunun forvardı Andre Klovisi transfer etməyə çalışır.
Braziliyada "Quaratingeta"nın yetirməsi olan "sambaçı" vətənində məşhur "İnternasyonal"da 1 oyun keçirdikdən sonra - 2018-ci ildə icarə əsasında Portuqaliyaya yollanıb.
Pireney yarımadasında "Portimonense", "Leyşoeş" və Eştoril"də forma geyinmiş Klovisinin son dayanacağı "Akademiku" olub.
28 yaşlı cənubi amerikalı hazırda bir illik müqaviləsi davam edən Vizeu təmsilçisinin heyətində ümumilikdə 99 oyunda 47 qol vurub.
2024/2025-ci illər mövsümünü 32 matç, 7 qolla başa vurub.