Eşitmə məhdudiyyətli cüdoçular arasında AÇ start götürdü
Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatı start götürüb.
"Mediasport" xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilən açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Gənclər və idman naziri Fərid Qayıbov dövlət tərəfindən idmana yüksək səviyyədə qayğı göstərildiyini qeyd edərək deflimpiya və paralimpiyaçılara dəstək göstərildiyini diqqətə çatdırıb.
Avropa Karlar İdman Təşkilatının prezidenti İosif Stavrakakis Avropa çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib.
O, bu idman növünün insanlar arasında dostluq münasibətlərini daha da dərinləşdirəcəyinə inandığını vurğulayıb.
Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri Anar Bayramov ölkə rəhbərliyi tərəfindən idmana davamlı şəkildə dəstək göstərildiyini səsləndirib.
Ardınca Azərbaycan Deflimpiya Komitəsinin bu günədək keçdiyi yol videoçarx vasitəsilə nümayiş olunub.
Qeyd edək ki, 12 ölkədən 80-ə yaxın idmançının yarışacağı AÇ noyabrın 12-də başa çatacaq.

