"Azərbaycan millisinin heyətində yaxşı oyunlar keçirdik" - Leandro

"Azərbaycan millisini daim izləyirəm. Sadəcə, Braziliya və Azərbaycanın saat qurşaqları fərqli olduğundan oyunları daim izləmək bir az çətindir. Fernandu Santuşun da milliyə cəlb olunduğunu gördüm. Onun əvvəlki işlərinə də baxmışdım. Ümidvaram ki, hər şey daha da yaxşı olacaq".
"Mediasport" xəbər verir ki, bu sözləri "Sportal.az"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Leandro Qomeş deyib.
2006-2009-cu illərdə yığmamızın formasını geyinmiş braziliyalı hazırda vətənində məşqçilik edir.
Milliləşdirilmiş cənubi amerikalı yığmamızı öz oynadığı dövrdəki ilə müqayisə edib:
"Fikrimcə, indi Fernandu Santuş Azərbaycan millisini daha yaxından tanıdı, milli də təcrübə qazandı. Mənim vaxtımda Azərbaycanda oynayan gənc, yaxşı futbolçulardan ibarət yaxşı komandaya sahib idik.
Azərbaycan millisindəki yaxşı oyunları xatırlayıram. Evdə Finlandiyanı udmuşduq. Hansı ki, onlar çox səviyyəli kollektiv idi. Lakin evdə bu cür güclü rəqibi məğlub etmişdik. Bəli, daha yaxşı nəticələr də qazana bilərdik. Əminəm. Çünki yaxşı heyətimiz var idi.
Biz çox yaxşı oyunlar keçirdik. Bugünkü seçim də düzgün yoldadır. Azərbaycan millisinin qarşıdakı görüşlərdə uğurlu nəticələr qazanacağına çox inanıram. Milliyə uğurlar arzulayıram".
Qeyd edək ki, Qomeş Azərbaycanın əsas yığmasında 18 oyun keçirib.