Azərbaycan milli komandasının baş məşqçisi qaçarkən həbs edildi

Azərbaycan milli komandasının baş məşqçisi qaçarkən həbs edildi

Üç gün əvvəl Türkiyədə bıçaqlanan Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayevə sui-qəsdə görə beş nəfər həbs edilib.

"Mediasport" "Haberturk"e istinadən xəbər verir ki, saxlanılanlardan biri kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimovdur.

Məlumata görə, üçü Özbəkistan, ikisi Azərbaycan vətəndaşı olan beş nəfər fərqli imicdə ölkəni tərk etməyə çalışsalar da, Türkiyə polisi onları Antalya aeroportunda saxlayıb.

Şübhəli şəxslərdən biri Rusiyaya qaçmağa müvəffəq olsa da, Türkiyənin qarşı tərəfə məlumat verməsi ilə təyyarədən düşən kimi gözaltına alınıb.

Qeyd edək ki, Araz Musayev Antalyada keçirilən dünya çempionatı zamanı iki nəfərin hücumuna məruz qalıb.

O, boynundan və qarnından aldığı bıçaq xəsarətlərindən sonra xəstəxanaya yerləşdirilib.