"Futbolçular start həyəcanını aşa bilmədilər" - "Qarabağ" rəsmisi

"Oyuna yaxşı başlaya bilmədik. Öz səhvlərimizdən erkən qollar buraxdıq. Futbolçular start həyəcanını aşa bilmədilər".
"Mediasport" xəbər verir ki, bu fikirlər "Qarabağ"ın futbol akademiyasının koordinatoru Aftandil Hacıyevə məxsusdur.
Ağdam təmsilçisinin mətbuat xidmətinə U-19 komandasının UEFA Gənclər Liqasında "Benfika"ya böyükhesablı məğlubiyyəti haqda açıqlama verən klub rəsmisi Portuqaliya sınağının futbolçular üçün böyük təcrübə olduğunu vurğulayıb:
“Oyunu iki fərqli hissəyə bölmək olar. İlk 45 dəqiqədə futbolçularımızda həyəcan daha çox hiss olunurdu. Bu da ilk dəfə belə turnirdə oynamaları ilə bağlı idi. Bu səviyyəli yarışlardakı təcrübədə rəqiblə aramızda fərq hiss olunurdu.
Fasilədə məşqçilər tərəfindən edilən dəyişikliklər və verilən tapşırıqlar ikinci yarıda özünü göstərdi. Üstünlük yenə rəqibdə olsa da, komandamız daha intizamlı və dəqiq oynamağa çalışdı. “Benfika” böyük hesabla qalib gəlsə də, ikinci hissəni bərabər bitirə bildik.
Düşünürəm ki, futbolçular və məşqçilər bu matçdan çox şey qazandı. Belə təcrübələr onlara müsbət təsir edə bilər. Bu səviyyəli görüşlər nə qədər çox olsa, gənc oyunçuların inkişafına daha çox təsir edəcək”.
O, “Benfika” haqda geniş məlumat toplamağa çalışdıqlarını qeyd edərək bildirib ki, Portuqaliya klubunun bu yaş qrupunda üç heyəti var:
"Onların hansı futbolçulara üstünlük verəcəyi matç saatına qədər bəlli deyildi. İspaniyadakı turnirdən geri qayıtmışdılar. İki gün əvvəl keçirdikləri çempionat qarşılaşmasını da izləmişdik. Heyətlərində dəyişikliklər də var idi. Daha təcrübəli futbolçuları meydana buraxmışdılar.
Onlar Gənclər Liqasına çox ciddi yanaşırlar. “Benfika” bir dəfə qazandığı kuboku yenidən əldə etməyi hədəfləyib, çempionluq üçün mübarizə aparır.
Belə rəqiblə qarşılaşma gələcəkdə bizə faydalı olacaq. Klubun akademiyasında gördüklərimiz də bizim üçün yaxşı təcrübə oldu. “Benfika” Avropanın ən yaxşı akademiyalarından birinə malikdir. Akademiyada olan şərait, sistem uzun illərdir qurulub”.
Xatırladaq ki, "Qarabağ"ın U-19 komandası "Benfika"dan olan həmyaşıdlarına 1:7 hesabı ilə uduzub.