"Futbolçulara tapşırmışdıq ki, tələsməsinlər, rəqibi gözləsinlər"
"Gözlədiyimiz kimi maraqlı, gərgin, yaxşı oyun alındı. Birinci hissə daha çox kəşfiyyat xarakteri daşıyırdı".
"Mediasport" xəbər verir ki, bunu "Şamaxı"nın məşqçisi Elnur Çodarov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 14-cü turunun "Karvan-Yevlax"la səfər oyunu haqda danışıb, 3:0 hesablı qələbəni şərh edib:
"Füzuli Məmmədovu yeni təyin ediblər. İki oyunlarına baxmışdıq, analiz etmişdik. "Qarabağ"a qarşı tam fərqli idi, bizə qarşı tam fərqli oynadılar. Bilirdik ki, belə də olacaq.
İkinci hissə sürəti artırdıq, daha çox irəlidə aqressivliyi, intensivliyi artırdıq, istədiyimizə nail olduq. Debüt edən oyunçumuz oldu. Onu da təbrik edirik. Bir şeyi də qeyd edim ki, matçın sonlarında meydançada 6 yerli oyunçumuz var idi".
Ayxan Abbasovla mütəmadi əlaqədə idiniz? Əsas göstərişi nələr olurdu?
- Birinci hissə kəşfiyyat xarakteri daşıyırdı. Çünki rəqibin baş məşqçisi yenidir. Gözləyirdik, tələsmirdik. Futbolçulara tapşırmışdıq ki, tələsməsinlər, rəqibi gözləsinlər və kompakt oynasınlar. Öz epizodumuzu gözləyirdik. İkinci hissədə futbolçular tapşırıqları maksimum şəkildə yerinə yetirməyə çalışdılar. Qolumuzu vurduq və ardını da gətirdik.
Dieqo Balaunun vurduğu qollardan biri "ayın qolu" nominasiyasında qalib olub. Bu dəfə də vurduğu qol baxımlı alındı. Deyəsən, artıq yenə də bu mükafatı qazanmaq istəyir...
- Ümid edək də, qalib seçilər (gülür). İkinci qolu da elə birinci qoluna bənzəyirdi.
Süni örtüklü meydançada oynadınız. Yevlax stadionunu ot örtüyü necə idi?
- Meydança ağır idi. Dəqiq desək, süni örtüyün rezinləri sərt idi.
