"Xırda məsələlər var, həll olunsa, AFFA-nın təklifini qəbul edəcəm"

"Xırda məsələlər var, həll olunsa, AFFA-nın təklifini qəbul edəcəm"

"Bu gün anım günüdür, Allah şəhidlərimizə rəhmət eləsin. Oyuna gəlincə, "Araz-Naxçıvan" iddialı  komandalardandır. Biz də yaxşı hazırlaşmışdıq".

"Mediasport" xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 6-cı turunun "Araz-Naxçıvan"la ev matçı haqda danışıb, 1:1 hesablı bərabərliyi şərh edib:

"İlk yarıda komandam çox yaxşı oynadı. Futbolçular istədiklərimizi daha yaxşı etməyə çalışırlar. Bəlkə də 2-ci qolu vura bilərdik. İkinci hissədə rəqib dəyişiklik etdi. Gənclərimiz inkişaf edirlər. Bizim üçün vacib xaldır. Uduzmamaq əsas prinsipimizdir. Amma udmaq istəyirdik. Təəssüf ki, zədəlilərimiz çoxalır. Buna hazır olmaq lazımdır".

3 həftədən çoxdur ki, adınız əsas milli komanda ətrafında müxtəlif versiyalarla hallanır. Bu, klubu hazırlaşdırmağa mane olur?

- Çalışırıq ki, özümüz psixoloji hazır olaq. Onsuz da mövsümün əvvəlindən U-21 millisindəyik. Hər iki tərəfə eyni dərəcədə köklənirik. Söz-söhbətlər normaldır. Mənə heç bir təsiri olmur.

Əsas millinin baş məşqçi postu haqda konkret nə deyə bilərsiniz, sizə rəsmi təklif olub?

- Bəli, təklif olub, danışıqlar gedib. Yəqib ki, yaxın günlərdə qərar veriləcək.

Mətbuatda yazılanlara görə AFFA sizə 4 aylıq müqavilə təklif edib, amma siz daha uzunmüddətli sözləşmə istəyirsiniz. Bu, nə dərəcədə doğrudur?

- Müddət söhbəti getmir. Tam peşəkarcasına danışıqlar gedir. Versiyaların yazılması normaldır. AFFA ilə danışığımızda müddət problemi yoxdur.

Fransa ilə matçda baş məşqçi siz olacaqsınız?

- Xeyirlisi, inşallah. Belə vəziyyətdə milliyə kömək etməmək olmaz. Əgər bizə inam varsa, kənara çəkilə bilmərəm. Xırda məsələlər var. Bunlar həll olunsa, təklifi qəbul edəcəm.